Azərbaycanda ən çox hansı peşələrə tələbat var?

Azərbaycanda ən çox hansı peşələrə tələbat var?
Kateqoriya məlum deyil
T

Azərbaycanda əmək bazarında ən çox hansı peşələrə tələbat var?

Bu sualın cavabını öyrənmək üçün Sfera.az ölkənin aparıcı vakansiya platformalarında yerləşdirilən minlərlə aktiv iş elanını araşdırıb.

Müşahidələr göstərir ki, hazırda əmək bazarında ən çox işçi axtarılan sahələr satış, xidmət, logistika, maliyyə və tikinti sektorlarıdır. Ən çox vakansiya satış sahəsinə aiddir. Satış məsləhətçisi, satış təmsilçisi, satış meneceri və mağaza satıcısı kimi vəzifələr üzrə demək olar ki, hər gün yeni elanlar yerləşdirilir. İşəgötürənlər bu sahədə kadr axtarışını fasiləsiz davam etdirirlər.

Xidmət sektoru da işçi çatışmazlığının hiss olunduğu istiqamətlərdəndir. Restoran, kafe, otel və marketlərdə ofisiant, barista, aşpaz, xadimə, qabyuyan, kassir və administrator vəzifələri üzrə yüzlərlə vakansiya mövcuddur. eJob.az platformasında xidmət sahəsi aktiv elanların sayına görə ilk yerlərdə qərarlaşıb.

Son illər onlayn sifariş və çatdırılma xidmətlərinin genişlənməsi sürücü və kuryerlərə tələbatı da artırıb. Müxtəlif platformalarda taksi sürücüsü, yük avtomobili sürücüsü və motokuryer vakansiyaları mütəmadi yenilənir. Vakansiyaların çoxluq təşkil etdiyi digər istiqamətlər isə mühasibat və maliyyə sahəsidir. Mühasib, kassir, kredit mütəxəssisi və maliyyə üzrə mütəxəssis vəzifələri üzrə də davamlı iş elanları yerləşdirilir.

Bununla yanaşı, tikinti sektorunda mühəndis, elektrik, qaynaqçı və müxtəlif ixtisaslı ustalara, təhsil sahəsində isə müəllimlərə tələbat yüksək olaraq qalır. Vakansiya saytlarının ümumi mənzərəsi onu göstərir ki, bəzi sahələrdə elanların sayının çox olması həmin sektorlarda kadr çatışmazlığından xəbər verir. HR mütəxəssisləri bunu əsasən yüksək işçi dövriyyəsi, təcrübəli kadr azlığı və bəzi vəzifələrdə əməkhaqqının gözləntiləri tam qarşılamaması ilə əlaqələndirirlər. Qeyd edək ki, araşdırma müxtəlif vakansiya platformalarında yerləşdirilən aktiv elanların müqayisəli təhlili əsasında hazırlanıb və nəticələr əmək bazarındakı ümumi tendensiyanı əks etdirir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR