Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi

Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan-Türkiyə Universitetinin (ATU) rektoru təyin olunub.
Sfera.az xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.
Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb.
30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib.
Azərbaycan-Türkiyə Universiteti iki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. Universitetin fəaliyyət istiqamətləri sırasında ortaq təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi yer alır.






