Ev şəraitində turşu hazırlayarkən bunlara diqqət edin - Mütəxəssisdən TÖVSİYƏ

Ev şəraitində turşu hazırlayarkən bunlara diqqət edin - Mütəxəssisdən TÖVSİYƏ
Kateqoriya məlum deyil
T

Yay mövsümündə qida zəhərlənmələri ilə yanaşı, turşuların və sirkə turşusunun düzgün istifadə olunmaması nəticəsində baş verən zəhərlənmələr də aktuallaşır.

Xüsusilə ev şəraitində hazırlanan turşuların saxlanma qaydalarına əməl edilməməsi və yüksək konsentrasiyalı sirkə turşusundan ehtiyatsız istifadə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs bu cür halların qarşısını almaq üçün nələrə diqqət edilməlidir? Ev şəraitində turşu hazırlanarkən ən çox yol verilən səhvlər hansılardır?


Sfera.az-a bu haqda açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, konservləşdirmə zamanı düzgün qaydalara əməl olunmadıqda, bu, zəhərlənməyə, bəzən isə zəhərlənmənin ən ağır forması olan botulizmə səbəb olur ki, bu da bir çox hallarda ölümlə nəticələnə bilər:


“Ümumiyyətlə, konservləşdirmə zamanı meyvə və tərəvəzlər mütləq şəkildə yaxşı yuyulmalıdır. Eyni zamanda keyfiyyətli, mövsümi və yerli meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Əgər meyvə və ya tərəvəzin hər hansı hissəsində əzik və ya xarab olmuş sahə varsa, həmin məhsuldan ümumiyyətlə istifadə etmək tövsiyə olunmur. Mütləq şəkildə sanitar-gigiyenik qaydalara əməl edilməlidir. Xüsusilə istifadə olunan qablar, əsasən də şüşə qablar düzgün sterilizasiya olunmalı, saxlanma şəraitində isə temperatur rejiminə diqqət yetirilməlidir. Məhsulların mümkün qədər qaranlıq və sərin yerdə saxlanılması tövsiyə olunur”.

Mütəxəssis bildirib ki, sterilizasiya düzgün həyata keçirilmədikdə zəhərlənmə riski yüksək olur:


“Bir çox hallarda bu qaydalara tam əməl olunmur və ya qaynar su ilə isti emal aparıldığı üçün düşünülür ki, tərkibində olan bütün mikroorqanizmlər məhv olacaq. Lakin sterilizasiya qaydalarına düzgün əməl edilməyibsə və ya meyvə-tərəvəzin üzərində torpaq qalıqları varsa, bu zaman həmin konservləşdirilmiş məhsul təhlükəli hesab olunur. Eyni zamanda məhsullar uzun müddət saxlanıldıqda qapağın şişməməsinə diqqət yetirilməlidir. Xüsusilə də məhsulun suyunda bulanıqlıq və ya çöküntü varsa, ondan istifadə etmək tövsiyə olunmur. Bu qaydalar sənaye üsulu ilə emal olunmuş konserv məhsullarına da aiddir. Lakin sənaye üsulu ilə hazırlanmış konservləşdirilmiş məhsulların ev şəraitində hazırlananlardan əsas fərqi ondan ibarətdir ki, ev şəraitində konservantlardan istifadə olunmur, sənaye istehsalında isə konservantlardan istifadə edilir. Buna görə də onların saxlama müddəti daha uzun olur və bu məhsullarda zəhərlənmə halları daha az müşahidə edilir.

Konserv məhsulları alarkən mütləq diqqət etmək lazımdır ki, qabın qapağı şişmiş olmasın, məhsul təzə olsun və istifadə müddəti bitməsin. Xüsusilə metal bankalarda olan balıq, ət və digər heyvan mənşəli konserv məhsulları açıldıqdan sonra dərhal istifadə olunmalıdır. Əgər məhsul tam istifadə edilməyəcəksə, onu açıq şəkildə saxlamaq olmaz. Məhsul şüşə qaba köçürülərək ağzı bağlı şəkildə saxlanılmalıdır. Mümkün qədər kiçik həcmli qablar seçilməlidir ki, açıldıqdan sonra məhsul artıq qalmasın”.

M.Hüseynovanın sözlərinə görə, diqqət edilməli olan digər məqam isə budur ki, istifadə müddəti bitməsə belə, metal qabda şişkinlik varsa və ya etiket məlumatları tam göstərilməyibsə, həmin məhsul təhlükəli hesab olunur:


“Etiketdə istehsalçı şirkət, əmtəə nişanı, tərkibi, məhsulun xalis çəkisi və saxlanma şəraiti barədə məlumatlar tam şəkildə qeyd edilməlidir. Metal qablarda olan balıq, ət və digər konserv məhsullarının son istifadə tarixi qabın üzərində həkk olunmalıdır. Əgər son istifadə tarixi sonradan yapışdırılmış kağız üzərində göstərilibsə və ya metalın üzərində qeyd olunmayıbsa, belə məhsullardan istifadə etmək tövsiyə edilmir. Ümumiyyətlə, meyvə və tərəvəzləri mövsümündə və yerli məhsul kimi bol-bol istehlak etmək daha məqsədəuyğundur. Çünki Azərbaycanda ilin bütün fəsillərində meyvə və tərəvəz bolluğu mövcuddur. Konservləşdirilmiş məhsullar isti emala məruz qaldığı üçün onların tərkibindəki bir çox vitamin və minerallar öz dəyərini itirir. Bu səbəbdən də onlar təzə məhsullar qədər faydalı hesab olunmur. Xüsusilə allergiyaya meyilli, immun sistemi zəif olan şəxslər, azyaşlılar, yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər konservləşdirilmiş məhsullardan istifadə etdikdə müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər. Buna görə də bu kateqoriyadan olan insanların konservləşdirilmiş məhsullardan istifadəsi çox da tövsiyə olunmur”.


Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR