Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb

Lerik rayonunda da ev quşlarının kütləvi tələfatı müşahidə olunmağa başlayıb.
Sfera.az bildirir ki, hadisə rayonun Dizdipok kəndində qeydə alınıb. Kənd sakini İntiqam Qafarovun təsərrüfatında 100-ə yaxın ev quşu tələf olub.
Yerli sakinlərin sözlərinə görə, xəstələnən quşlarda əvvəlcə pipik hissəsində qaralma, daha sonra isə titrəmə əlamətləri müşahidə olunur. Qısa müddət sonra isə quşlar tələf olur.
Təsərrüfat sahibləri bildirirlər ki, quşlarda titrəmə ilə müşayiət olunan belə xəstəlik əlamətinə ilk dəfə rast gəlirlər. Onların sözlərinə görə, xəstəlik əsasən cücələrə və nisbətən cavan toyuqlara təsir edir, yaşlı toyuqlar isə xəstəliyə qarşı daha davamlı görünür.
Təsərrüfat sahibi İntiqam Qafarovun sözlərinə görə, analoji vəziyyət qonşu kəndlərdə də müşahidə olunur və qısa müddətdə bir təsərrüfatdakı quşların böyük hissəsi tələf olur.
Qeyd edək ki, son günlər cənub bölgəsinin digər rayonlarında da ev quşlarının kütləvi tələfatı ilə bağlı oxşar hallar qeydə alınır.
(Teleqraf)






