İsti havalarda yorğunluq təsadüfi deyil – Əsas SƏBƏBLƏR

Yay aylarında bir çox insan özünü daha halsız, yuxulu və enerjisiz hiss etdiyini bildirir. Mütəxəssislər bunun təkcə isti hava ilə bağlı olmadığını, orqanizmdə baş verən bir sıra fizioloji dəyişikliklərin də mühüm rol oynadığını deyirlər.
Sfera.az xəbər verir ki, yüksək temperatur orqanizmin daha çox tərləməsinə səbəb olur. Bu isə su və elektrolitlərin, xüsusilə natrium, kalium və maqneziumun itirilməsi ilə nəticələnir. Nəticədə əzələ zəifliyi, başgicəllənmə və ümumi yorğunluq yarana bilər.
Həkimlərin sözlərinə görə, yay aylarında damarlar genişləndiyi üçün arterial təzyiq də aşağı düşə bilər. Bu hal xüsusilə aşağı təzyiqdən əziyyət çəkən insanlarda halsızlıq, yuxululuq və diqqət azalması ilə müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, isti havalarda gecələr yuxuya getmək çətinləşir və yuxunun keyfiyyəti aşağı düşür.
İnsan bunu hiss etməsə də, keyfiyyətsiz yuxu gün ərzində enerji çatışmazlığına səbəb olur.
Digər səbəb isə qidalanma rejimindəki dəyişikliklərdir. Yayda iştahanın azalması nəticəsində bir çox insan kifayət qədər zülal, vitamin və mineral qəbul etmir. Bu da orqanizmin enerji ehtiyatlarının azalmasına gətirib çıxarır.
Həkimlər günün ən isti saatlarında uzun müddət günəş altında qalmamağı, gün ərzində kifayət qədər su içməyi, elektrolit balansını qorumağı, yüngül və balanslı qidalanmağı, həmçinin keyfiyyətli yuxuya diqqət yetirməyi tövsiyə edirlər.
Əgər yorğunluq uzun müddət davam edərsə və ya nəfəs darlığı, ürəkdöyünmə, kəskin zəiflik kimi əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu hallar anemiya, qalxanabənzər vəz xəstəlikləri və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər.
İnci
Sfera.az






