Son beş ildə nikah yaşı belə artıb - RƏSMİ STATİSTİKA

Ailə institutunda baş verən dəyişikliklər özünü nikah statistikasında da göstərir. Son illər gənclərin ailə qurma yaşı, sosial-iqtisadi amillər, təhsil və karyera planları nikaha daxilolma meyllərinə birbaşa təsir edən əsas faktorlar kimi qiymətləndirilir.
Bu baxımdan, müxtəlif yaş qrupları üzrə nikah göstəriciləri cəmiyyətdə formalaşan yeni tendensiyaları da ortaya qoyur. Bəs son beş ildə Azərbaycanda ən çox nikah hansı yaş qrupunda qeydə alınıb?
Sfera.az bununla bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirib ki, son beş ildə Azərbaycanda nikaha daxil olan kişilər arasında ən çox nikah 25-29 yaş, qadınlar arasında isə 20-24 yaş qrupunda qeydə alınıb. 2021-2025-ci illər ərzində bu tendensiya dəyişməyib, hər il ən yüksək göstəricilər məhz həmin yaş qruplarında müşahidə edilib.
Məlumata görə, 2024-cü ildə də tendensiya fərqli olmayıb. 49 min 508 nikahın qeydə alındığı ildə kişilər arasında 25-29 yaş qrupunda 19 min 677, qadınlar arasında isə 20-24 yaş qrupunda 18 min 604 nəfər nikaha daxil olub.
Komitənin məlumatına görə, nikaha daxil olanların orta yaşında da artım müşahidə edilib. Belə ki, kişilərin orta nikah yaşı 2021-ci ildə 29,7 olduğu halda, 2023 və 2024-cü illərdə 30,2-yə yüksəlib, 2025-ci ildə isə 30,1 olub. Qadınların orta nikah yaşı isə 2021 və 2022-ci illərdə 24,9, 2023-cü ildə 25,2, 2024 və 2025-ci illərdə isə 25,1 yaş təşkil edib.
Bəsti Rəfizadə
Sfera.az






