Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?

Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Kateqoriya məlum deyil
T

Müasir texnologiyalar bir çox itirilmiş əşyaların tapılmasını asanlaşdırsa da, fiziki bank kartlarının izlənilməsi məsələsi hələ də geniş müzakirə olunur.

Bəzi vətəndaşlar düşünür ki, kartların üzərində yerləşdirilən çiplər vasitəsilə itirilmiş kartın yerini müəyyən etmək mümkündür.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bank kartlarının üzərindəki çiplər GPS və ya izləmə funksiyasına malik deyil:

"Bank kartlarında olan çiplər buna imkan vermir, çünki çip modulu kartın yerini müəyyənləşdirən sistemə malik deyil. Ona görə də kartı fiziki olaraq tapmaq mümkün deyil. Amma başqa üsullarla müəyyən etmək olar. Məsələn, əgər itirilmiş bank kartı ilə haradasa ödəniş edilibsə, həmin ödənişlərin izləri vasitəsilə kartın harada istifadə olunduğunu müəyyənləşdirmək mümkündür. Ödəniş edilən yerdəki kameralar vasitəsilə həmin vaxt kartdan kimin istifadə etdiyini görmək və həmin şəxsi müəyyənləşdirmək olar. İkinci variant isə kartın telefona qoşulmasıdır.

Əgər telefon itib və kart Google Pay və ya Apple Pay sisteminə əlavə edilibsə, bu halda telefonu tapmaq müəyyən hallarda mümkün ola bilər. Amma kartın özünü fiziki olaraq tapmaq üçün belə bir texnologiya mövcud deyil”.

Fərid Kazımov rəqəmsal ödəniş sistemlərinin fiziki kartlarla müqayisədə daha təhlükəsiz və rahat imkanlar təqdim etdiyini bildirib:

"Ümumiyyətlə, indiki dövrdə bir qədər qəribə vəziyyət yaranır ki, insanlar hələ də fiziki kartlardan istifadə edirlər. Kartdan istifadənin əvvəlki kimi böyük üstünlüyü qalmayıb. Daha məqsədəuyğun variant kartların Google Pay və ya Apple Pay kimi ödəniş sistemlərinə qoşulmasıdır. Telefonlar artıq Android və ya iOS sistemləri ilə işləyir və bu texnologiyalar vasitəsilə ödənişlər daha təhlükəsiz həyata keçirilə bilər”.

O hesab edir ki, rəqəmsal ödəniş sistemlərindən istifadə kart itkisindən yaranan riskləri minimuma endirə bilər:

"Mənim təklifim odur ki, bir kart götürülsün və həmin kart onlayn ödəniş sistemlərinə qoşulsun. Maaş kartı olmasa belə, məsələn, maaş aldığınız və ya başqa kartda saxladığınız vəsaiti həmin karta köçürərək gündəlik ödənişləri bu vasitə ilə həyata keçirmək olar. Kartda yalnız zəruri olan məbləğ saxlanıla bilər. Belə olan halda faktiki olaraq kartın itməsi problemi minimuma enmiş olar. Kart daim evdə qorunur, ehtiyac yarandıqda isə istifadə etmək mümkündür. Telefon oğurlansa və ya itərsə, güclü parol sistemi olduğu halda təhlükəsizlik təmin edilə bilər. Bundan əlavə, kartı istənilən vaxt banka müraciət edərək bloklamaq mümkündür. Düşünürəm ki, bu yanaşma fiziki kartların itirilməsi probleminin qarşısını almaq üçün daha optimal variantdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR