Süni intellekt sirli məlumatları açıqladı

ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri iddia edir ki, “OpenAI”ın hazırladığı “ChatGPT” bəzi istifadəçilərin sorğularına cavab olaraq bioloji silah və zəhərli maddələrin hazırlanmasına dair ətraflı təlimatlar təqdim edib.
Sfera.az xəbər verir ki, nəşrin məlumatına görə, istifadəçilərdən bəziləri patogenlərin havaya necə yayıla biləcəyi, peyvəndlərə davamlı qızılca virusunun necə dəyişdirilməsi və beynəlxalq müqavilələrlə qadağan edilmiş güclü zəhər olan ritsinin hazırlanması ilə bağlı suallar ünvanlayıblar.
Məlumata əsasən, belə hallardan birində istifadəçi aldığı təlimatlardan sonra valideynlərini öldürmək niyyətində olduğunu bildirib. Bildirilib ki, “OpenAI” həmin istifadəçilərin hesablarını bloklasa da, ABŞ-də süni intellekt şirkətlərini bu cür hadisələr barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə məcbur edən federal qanun olmadığından məsələ ilə bağlı rəsmi qurumlara bildiriş göndərməyib.
Məlumata görə, çat-botun cavabları terrorizm və biologiya sahəsində çalışan mütəxəssislər tərəfindən araşdırılıb. Onların fikrincə, təqdim olunan bəzi təlimatlar “ölümcül dərəcədə dəqiq” olub.
Nəşr qeyd edib ki, süni intellektin bioloji silahların hazırlanmasında istifadə olunması təhlükəsi ABŞ Prezidenti Co Baydenin administrasiyası dövründə də Ağ Ev və Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri tərəfindən müzakirə edilib.
Eyni zamanda bildirilib ki, ABŞ hökuməti süni intellekt modellərinə nəzarəti gücləndirməyə çalışır. Xatırladılıb ki, ABŞ Ticarət Nazirliyi yaxın vaxtlarda Anthropic şirkətinin iki modelinin xaricdə istifadəsinə müvəqqəti məhdudiyyət tətbiq edib.
WSJ vurğulayıb ki, ABŞ qanunvericiliyi süni intellekt şirkətlərini uşaq pornoqrafiyası ilə bağlı məzmunun yaradılmasının qarşısını almağa məcbur etsə də, digər riskli sahələrdə təhlükəsizlik sərhədlərinin necə müəyyənləşdirilməsi əsasən şirkətlərin öz qərarına buraxılıb.
Bəsti Rəfizadə
Sfera.az






