"Kia" bu modelin istehsalını dayandırır

"Kia" 2026-cı ilin sonunadək flaqman K9 (K900) sedan modelinin istehsalını tamamilə dayandıracaq.
Sfera.az "Drom.ru"ya istinadən xəbər verir ki, Hyundai-Kia konserninin model sıralarında K9 uzun illər eyni platformada istehsal olunan Genesis G90 modelindən sonra ikinci planda qalıb. Bununla belə, "Kia K9" alıcılara daha münasib qiymətlə təklif edilirdi.
K9 salonun keyfiyyəti, təchizatı və komplektasiyaları baxımından Genesis G90-dan geri qalsa da, eyni mühərrik çeşidlərindən istifadə edirdi. Model hətta 5,0 litrlik V8 mühərriklə də təklif olunub. Son nəsildə isə tam ötürücü sistemi də alıcıların ixtiyarına verilib. Bir vaxtlar K9 Cənubi Koreya, ABŞ, Kanada, Rusiya, BƏƏ və Latın Amerikasının bəzi ölkələrində satışa çıxarılsa da, son illərdə model yalnız Cənubi Koreya bazarında satılırdı. Mütəxəssislərin fikrincə, istehsalın dayandırılması gözlənilməz qərar deyil.
Çünki son illərdə iri sedanlara tələbat kəskin azalıb. Statistikaya əsasən, 2025-ci ildə Cənubi Koreyada cəmi 1581 ədəd "Kia K9" satılıb. 2026-cı ilin ilk altı ayında isə bu rəqəm 734 olub. "Kia K9"un diqqətçəkən xüsusiyyətlərindən biri də onun tarixində heç vaxt altısilindrli mühərrikdən kiçik aqreqatlarla təklif edilməməsi olub. Bu xüsusiyyət modeli "Genesis G90" ilə eyni səviyyədə fərqləndirən məqamlardan biri sayılır.
Firuzə Əliyeva






