Kişiləri özündən çıxaran qadın davranışları BUNLARDIR

Münasibətlərdə anlaşılmazlıqların yaranmasına təkcə kişilərin deyil, qadınların bəzi davranışları da səbəb ola bilir. Psixoloqlar bildiriblər ki, münasibətin sağlam şəkildə davam etməsi üçün tərəflərin bir-birini dinləməsi, qarşılıqlı hörmət və empati nümayiş etdirməsi vacibdir.
Bəs kişiləri ən çox qəzəbləndirən qadın davranışları hansılardır?
8 xəbər verir ki, kişiləri ən çox narahat edən davranışlardan biri davamlı tənqid olunmaqdır. Xüsusilə hər addımın iradla qarşılanması, uğurların qiymətləndirilməməsi və tez-tez müqayisə edilməsi zamanla münasibətdə gərginliyə səbəb olur.
Digər diqqət çəkən məqam isə söylənilənləri dinləməmək və qarşı tərəfin fikirlərini görməzlikdən gəlməkdir. Kişilər problemlərini və ya fikirlərini bölüşərkən dinlənilmədiklərini hiss etdikdə özlərini dəyərsiz saya bilirlər.
Qısqanclığın həddindən artıq olması da münasibətlərdə narazılıq yaradan amillər sırasındadır. Davamlı şübhələr, telefonun yoxlanılması, sosial media fəaliyyətinə nəzarət və əsassız ittihamlar etimadı zəiflədə bilər.
Mütəxəssislər bildiriblər ki, problemləri açıq danışmaq əvəzinə küsmək və ya qarşı tərəfdən “fikrimi oxusun” gözləntisi də kişilərin anlamadığı davranışlardan biridir. Açıq ünsiyyətin olmaması kiçik problemlərin böyüməsinə gətirib çıxara bilər.
Daim keçmiş münasibətləri gündəmə gətirmək və əvvəlki partnyorlarla müqayisələr aparmaq da kişilərin mənfi qarşıladığı davranışlar arasındadır. Bu cür müqayisələr qarşı tərəfdə özünəinamın azalmasına və münasibətdə narahatlığın artmasına səbəb ola bilər.
Hər məsələdə nəzarəti ələ almaq, şəxsi sərhədlərə hörmət etməmək və şəxsi vaxta imkan verməmək də münasibətlərdə gərginliyi artıran amillərdəndir. Psixoloqlar hesab edirlər ki, hər bir insanın şəxsi maraqlarına və dost çevrəsinə vaxt ayırması normal qarşılanmalıdır.
Mütəxəssislərin sözlərinə görə, mübahisə zamanı təhqirə yol vermək, alçaldıcı ifadələr işlətmək və ya emosional manipulyasiyadan istifadə etmək münasibətə ən ciddi zərbə vuran davranışlardandır. Bu cür yanaşma problemləri həll etmək əvəzinə onları daha da dərinləşdirir.
Psixoloqlar vurğulayıblar ki, bu davranışlar bütün qadınlara aid edilə bilməz və hər insanın xarakteri fərqlidir. Sağlam münasibətin əsasında qarşılıqlı hörmət, etibar, səmimi ünsiyyət və problemləri birlikdə həll etmək bacarığı dayanır. Buna görə də tərəflərin bir-birini günahlandırmaq əvəzinə hisslərini açıq şəkildə ifadə etməsi münasibətlərin daha uzunömürlü olmasına kömək edir.
Bəsti Rəfizadə






