NVIDIA ekran kartlarını bahalaşdırır

NVIDIA ekran kartlarının qiymətlərində artım gözlənilir.
Şirkətin qrafik yaddaşı (VRAM) ilə birlikdə təqdim olunan GPU dəstlərinin qiymətlərini artırdığı bildirilib.
Sfera.az xəbər verir ki, qərar həm yeni nəsil GDDR7, həm də GDDR6 yaddaş texnologiyasından istifadə edən bütün modelləri əhatə edir. İstehsalçılar GPU və yaddaşı vahid paket şəklində aldıqları üçün bu addımın istehsal xərclərini birbaşa artıracağı gözlənilir.
Bundan əlavə, ekran kartı istehsalçılarının soyutma sistemləri və çap dövrə lövhələri (PCB) ilə bağlı xərclərinin də artdığı bildirilib. Hazırda istehlakçılar üçün rəsmi qiymət dəyişikliyi açıqlanmasa da, qiymət artımının xüsusilə xüsusi dizayna malik GeForce modellərində özünü göstərəcəyi proqnozlaşdırılıb.
Ekspertlər hesab edirlər ki, bu qərar yaxın zamanda bazara çıxması gözlənilən RTX 50 SUPER seriyasının qiymət siyasətinə də ciddi təsir göstərə bilər. Bu səbəbdən yeni nəsil NVIDIA ekran kartlarının əvvəlki modellərlə müqayisədə daha yüksək qiymətə satışa çıxarılması ehtimal edilir.
Bəsti Rəfizadə






