Qadınlar ən çox bundan küsür

Münasibətlərdə sevgi və qarşılıqlı hörmət qədər ünsiyyət də mühüm rol oynayır. Bəzən kişilərin adi və əhəmiyyətsiz hesab etdiyi davranışlar qadınların inciməsinə, özünü dəyərsiz hiss etməsinə və münasibətdə soyuqluğun yaranmasına səbəb olur.
Psixoloqlar bildiriblər ki, bu cür davranışlar zamanla təkrarlanarsa, cütlüklər arasında emosional bağ zəifləyə, hətta münasibətlərin bitməsinə qədər gedib çıxa bilər.
Sfera.az xəbər verir ki, qadınları ən çox incidən davranışlardan biri onları dinləməməkdir. Qadın danışarkən telefonla məşğul olmaq, fikrini yarımçıq kəsmək və ya dediklərinə laqeyd yanaşmaq qarşı tərəfdə dəyər verilmədiyi hissini yaradır. Bununla yanaşı, ad günü, evlilik ildönümü və ya digər xüsusi tarixləri unutmaq da qadınların ən çox küsdüyü məqamlardan hesab olunur.
Mütəxəssislər qeyd ediblər ki, qadınlar göstərdikləri qayğı və zəhmətin qiymətləndirilməsini istəyirlər. Sadə bir “təşəkkür edirəm” deməmək və edilən yaxşılıqları adi qəbul etmək zamanla narazılığa səbəb ola bilər. Həmçinin hisslərini ifadə etməyən, problemlər haqqında danışmaqdan yayınan kişilər qadınlarda etibarsızlıq və uzaqlaşma hissi yaradır.
Davamlı tənqid etmək, qadını başqaları ilə müqayisə etmək, xüsusilə də keçmiş münasibətləri nümunə göstərmək münasibətlərdə ən ciddi səhvlərdən sayılır. Verilən sözlərin yerinə yetirilməməsi, tez-tez vəd verib onu unutmaq da qarşılıqlı etimadı sarsıdır.
Psixoloqlar bildiriblər ki, münasibətin ilk dövrlərində göstərilən diqqət və qayğının sonradan azalması, mübahisə zamanı susaraq problemi həll etməkdən qaçmaq, eləcə də başqalarının yanında alçaldıcı və ya istehzalı zarafatlar etmək qadınların ən çox incidiyi davranışlar sırasındadır.
Mütəxəssislərin fikrincə, sağlam münasibətin əsasını qarşılıqlı hörmət, səmimi ünsiyyət, empatiya və verilən dəyər təşkil edir. Kiçik görünən davranışlara diqqət yetirmək cütlüklər arasında anlaşmanı gücləndirə və münasibətlərin daha uzunömürlü olmasına kömək edə bilər.
Bəsti Rəfizadə
Sfera.az





