Quşlar istiqamətləri belə öyrənirmiş - Alimlər sirri açdı

Quşlar istiqamətləri belə öyrənirmiş - Alimlər sirri açdı
Kateqoriya məlum deyil
T

Alimlər uzun illərdir ki, köçəri quşların və poçt göyərçinlərinin istiqaməti tapmaq üçün Yerin maqnit sahəsindən istifadə etdiyini bilirdilər.

Lakin onların bu görünməz sahəni necə hiss etməsi indiyədək tam aydın deyildi.

Sfera.az xəbər verir ki, alimlər bu sirrin açılmasına yaxınlaşıblar.

Yeni araşdırma göstərib ki, göyərçinlərin qaraciyərində yerləşən və immun sisteminin bir hissəsi olan makrofaqlar Yerin maqnit sahəsini hiss edə bilir.

Tədqiqatın həmmüəllifi, Bonn Universitetinin immunologiya üzrə tədqiqatçısı Klivia Lisovskanın sözlərinə görə, makrofaqlar köhnə qırmızı qan hüceyrələrini parçalayaraq onların tərkibindəki dəmiri toplayır. Bu proses nəticəsində hüceyrələrdə yaranan dəmir hissəcikləri superparamaqnit xüsusiyyəti qazanır. Belə hissəciklər maqnit sahəsinə düşdükdə maqnitlənir və göyərçin uçarkən Yerin maqnit sahəsinin istiqamətinə uyğun düzülür. Bunun sayəsində quşlar istiqaməti müəyyən edə bilirlər.

Araşdırma zamanı alimlər göyərçinlərin bədənində maqnit xüsusiyyətinə malik hüceyrələrin yerini müəyyənləşdiriblər. Qaraciyər və dalaq dəmirin ən çox toplandığı orqanlar olduğundan tədqiqat əsasən bu nahiyələr üzərində aparılıb.

Almaniyanın Duysburq-Essen Universitetinin nanomateriallar üzrə mütəxəssisi Ulf Vidvald bildirib ki, araşdırılan bütün toxumalar arasında ən güclü maqnit reaksiyası məhz qaraciyərdə qeydə alınıb.

Bundan sonra alimlər birbaşa makrofaqları tədqiq ediblər. Təcrübələr göstərib ki, bu hüceyrələri çıxarılan göyərçinlər buludlu havada istiqaməti itiriblər. Lakin günəşli havada onlar yenə də yuvalarına qayıda biliblər. Bu isə göstərir ki, quşlar əlverişli hava şəraitində Günəşdən, buludlu havada isə əsasən Yerin maqnit sahəsindən istifadə edərək yol tapırlar.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf yalnız quşların naviqasiyasını izah etmir. Eyni mexanizm gecə miqrasiya edən quşlarda, həmçinin yarasalarda, köpəkbalıqlarında və qaranlıq şəraitdə hərəkət edən digər heyvanlarda da mövcud ola bilər.

Alimlər daha bir maraqlı məqam aşkarlayıblar. Məlum olub ki, dəmirlə zəngin makrofaqlar sinir liflərinə çox yaxın yerləşir. Bu isə maqnit sahəsi haqqında məlumatın sinirlər vasitəsilə beyinə ötürüldüyünü ehtimal etməyə əsas verir.

Tədqiqatın nəticələri immun sisteminin yalnız orqanizmi infeksiyalardan qorumaq və yaraların sağalmasında deyil, həm də ətraf mühiti, o cümlədən Yerin maqnit sahəsini hiss etmək qabiliyyətinə malik ola biləcəyini göstərir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ