Xaricdə yay istirahəti neçəyə başa gələcək? - Ölkələr üzrə QİYMƏTLƏR

Xaricdə yay istirahəti neçəyə başa gələcək? - Ölkələr üzrə QİYMƏTLƏR
Kateqoriya məlum deyil
T

Yay mövsümünün qızğın dövründə xaricdə istirahət etmək istəyən azərbaycanlıların sayı artır. Lakin bu il səyahət planı quranlar təkcə istiqamət seçimi ilə deyil, həm də artan qiymətlər və bəzi ölkələrin dəyişən viza qaydaları ilə üzləşirlər.

Sfera.az 2026-cı ilin yay mövsümündə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdə 1 həftəlik istirahətin orta xərcini araşdırıb.

Araşdırmaya görə, qiymət baxımından ən əlverişli istiqamətlərdən biri yenə Gürcüstan olaraq qalır. May ayından etibarən Bakı–Tbilisi sərnişin qatarının yenidən fəaliyyətə başlaması bu ölkəyə səyahəti daha rahat edib. Qatarla səyahət edən turist üçün gediş-dönüş bileti seçilən vaqon növündən asılı olaraq 162-378 manata başa gəlir. Tbilisi və ya Batumidə orta səviyyəli hoteldə 7 gecə qalmaq, qidalanma və gündəlik xərclərlə birlikdə ümumi büdcə təxminən 1 000-1 800 manat təşkil edir.

Azərbaycanlı turistlərin ən çox seçdiyi ölkə isə yenə də Türkiyədir. Lakin ötən illərlə müqayisədə həm aviabiletlər, həm də hotellər bahalaşıb. Hazırda Bakı-Bodrum istiqamətində gediş-dönüş aviabileti əsasən 500-1000 manat arasında dəyişir. Antalya istiqamətində isə erkən rezervasiya zamanı daha münasib qiymətlər tapmaq mümkündür. Hotel, qidalanma və digər xərclərlə birlikdə Türkiyədə bir həftəlik istirahət orta hesabla 1 900-3 500 manata başa gəlir. Qiymət-keyfiyyət baxımından son illərdə marağın artdığı istiqamətlərdən biri də Misirdir. Şarm əl-Şeyx və Hurgada kurortlarında "All Inclusive" sistemli 7 günlük tur paketləri, aviabilet və transfer də daxil olmaqla, orta hesabla 1 300-2 200 manat arasında təklif olunur.

Yay aylarında yüksək temperatur səbəbindən hotellərin endirim etdiyi Birləşmiş Ərəb Əmirlikləri də diqqət çəkən istiqamətlər sırasındadır. Dubayda bir həftəlik istirahət aviabilet, hotel və digər gündəlik xərclərlə birlikdə təxminən 1 800-3 100 manata başa gəlir. Avropada istirahət etmək istəyənlər üçün isə büdcə daha yüksək olmalıdır. Şengen vizası ilə səfər edilən Yunanıstan, İtaliya və İspaniyada 7 günlük istirahət üçün orta hesabla 2 700-5 500 manat arasında vəsait tələb olunur. Bu məbləğə aviabilet, hotel, gündəlik xərclər və viza üçün ödənilən rüsumlar daxildir.

Bununla yanaşı, əvvəlki illərdə azərbaycanlı turistlərin vizasız səyahət etdiyi Monteneqro artıq Azərbaycan vətəndaşlarından viza tələb edir. Bu da həmin istiqamətə səyahətin həm sənəd, həm də xərc baxımından daha mürəkkəb olmasına səbəb olub. Turizm üzrə mütəxəssislər bildirirlər ki, yay mövsümündə səyahət xərclərinə qənaət etməyin ən effektiv yolu erkən rezervasiyadır.

Beləliklə, araşdırma göstərir ki, bu yay qiymət baxımından ən sərfəli xarici istirahət istiqamətləri Gürcüstan və Misir hesab olunur. Xidmət keyfiyyəti və seçim müxtəlifliyinə görə Türkiyə yenə liderliyini qorusa da, bahalaşma səbəbindən əvvəlki illərlə müqayisədə daha böyük büdcə tələb edir. Avropa ölkələrində isə həm viza prosedurları, həm də yüksək qiymətlər turistlərin xərclərini əhəmiyyətli dərəcədə artırır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ