"Ali məktəblərə rəhbərlik edən şəxslər hakimiyyətin nümayəndələridir" - Ekspert şərhi

Cəmiyyət
12:55 / 18.05.2017
1096
Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Bu, özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı.
Məsələni Sfera.az-a şərh edən təhsil üzrə ekspert Nabatəli Pələngov bildirib ki, təhsil haqqı həmin ali məktəblərin özünün ehtiyacından irəli gəlir:
"Bu gözlənilən idi. Onlar bunu heç də tələbələrə yaxşılıq etmək üçün etməyiblər. Bu bazar qanunudur, onlar da bazar qanunu ilə işləyirlər. müştəri nə qədər çox olarsa, təhsil haqqını qaldırırlar. Az olanda isə endirirlər. Əsas məsələ də bundan ibarətdir. Hesab edirəm ki, məcburiyyət üzündən ödənişləri endiriblər. Nazirlik göstəriş verə bilər, ancaq ondan asılı məsələ deyil. Ancaq monitorinq keçirərək səbəblərini aşkar edə bilər. Onsuzda illik ödəniş haqqı yüksək olduğu üçün ali məktəblərə sənəd verən yoxdur. Ali məktəblərə rəhbərlik edən şəxslər eyni zamanda hakimiyyətin nümayəndələridir. Ona görə də öz bildikləri kimi edirlər. Arxalarında da kifayət qədər müdafiəçiləri var".
Ekspertin fikrincə, dövlət ali məktəblərində də illik ödəniş haqqları aşağı salına bilər:
"Güman edirəm ki, qiymətlərin aşağı salınması paralel aparılır. Demək olar ki, özəl məktəblərlə dövlət məktəbləri arasında ödənişli fakültələrin qiymətlərində elə də fərq yoxdur. Olan fərq də fakültənin prestij olub-olmamasından asılıdır".
Gülnarə Eynullaqızı
Sfera.az