Azərbaycanda pensiya alanların sayı artacaq - AÇIQLAMA

Əvvəllər Azərbaycanda 1,3 milyon pensiyaçı olduğu halda hazırda təxminən 1 milyon pensiyaçı var. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə ölkədə ümumilikdə 1 milyon 290 min 882 pensiyaçı qeydə alınıb. Onlardan 517 min 970-i kişi, 772 min 912-si isə qadın olub.
2025-ci ildə isə pensiya alanların sayı 1 milyon 98 min 348 nəfərə enib. Bu göstəricinin 459 min 500 nəfərini kişilər, 638 min 848 nəfərini qadınlar təşkil edib.
Beləliklə, son 10 ildə ölkədə pensiyaçıların sayı 192 min 534 nəfər və ya təxminən 15 faiz azalıb. Həm kişi, həm də qadın pensiyaçıların sayında azalma müşahidə edilib.
Pensiyaçıların sayının azalmasında əsas səbəb pensiya çıxma yaşının artırılması və saxta əlillik dərəcələrinin ləğv edilməsidir.
Bundan sonra pensiya yaşının artırılması gözlənilmir. Belə olduğu halda Azərbaycanda pensiyaçıların sayının artacağını gözləmək mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, Azərbaycanda pensiyaçıların sayının azalmasının əsas səbəbi pensiya yaşının artırılması ilə bağlıdır:
“Bildiyimiz kimi, 2017-ci ildən etibarən pensiya yaşı hər il artırılaraq kişilər və qadınlar üçün 65 yaşa çatdırıldı. Nəticədə bir neçə il ərzində pensiyaya çıxmalı olan on minlərlə vətəndaş əmək bazarında daha uzun müddət qaldı və bu da pensiyaçıların ümumi sayını aşağı saldı. Eyni zamanda əlillik pensiyaları üzrə nəzarətin sərtləşdirilməsi də burada mühüm rol oynadı. Qeyd etdiyimiz kimi, əmək pensiyaları üzrə yaş həddinin artırılması prosesi və əlillik pensiyaları üzrə nəzarətin sərtləşdirilməsi tədbirləri demək olar ki, başa çatıb. Yaxın zamanlarda bu istiqamətdə hansısa yeni tədbirlərin həyata keçiriləcəyi ilə bağlı məlumat yoxdur. Xüsusilə də əmək pensiyaları üzrə yaş həddinin yaxın illərdə yenidən artırılacağı inandırıcı görünmür. Hazırkı 65 yaş həddi region ölkələri ilə müqayisədə kifayət qədər yüksəkdir. Bu səbəbdən yaş həddinin artırılacağı ehtimalı çox aşağıdır. Belə olan halda pensiyaya çıxanların sayının tədricən stabilləşəcəyi və artıma keçəcəyi gözləniləndir”.

İqtisadçının fikrincə, son 10 ildir yaş həddinin artırılması səbəbindən əmək pensiyası alanların sayı davamlı olaraq azalıb:
“Lakin ilk dəfə olaraq ötən il əmək pensiyası alanların sayında artım qeydə alındı. Ümumi pensiya alanların sayında da dəyişiklik baş vermədi. Növbəti illərdə pensiyaçıların sayının tədricən artacağını gözləmək olar. Yaxın illərdə pensiya yaşında və ümumiyyətlə, pensiya sistemində ciddi bir dəyişiklik olmasa, pensiya alanların sayındakı artım qaçılmaz olacaq. Əlbəttə, burada demoqrafik proseslərin hansı istiqamətdə dəyişəcəyi də əhəmiyyətli rol oynayacaq. Son illərdə orta ömür müddətində müşahidə olunan artım tempi davam edərsə, pensiyaçıların sayı da artacaq. Məsələn, hazırda Azərbaycanda kişi cinsindən olan şəxslərin təxminən yarısı 65 yaşına çatmadan ölür. Bu isə pensiyaçıların sayına ciddi təsir edən səbəblərdən biridir. Amma qeyd etdiyimiz kimi, orta ömür müddətinin artması bu göstəriciyə də təsir edəcək və nəticədə pensiyaya çıxan kişilərin sayında da artım müşahidə ediləcək. Onu da nəzərə almaq lazımdır ki, hazırda 65 yaşı tamam olan şəxslər 1960-cı illərdə doğulan şəxslər olacaq. Azərbaycanda doğum səviyyəsinin ən yüksək olduğu illər arasında 1960-cı illər də mühüm yer tutur. Pensiyaçıların sayının artmasına paralel olaraq pensiyaları maliyyələşdirmə ilə bağlı çətinliklər də artacaq. Bu çətinliklərin qarşısını almaq üçün hesab edirəm ki, uzun illərdir Azərbaycan qanunvericiliyində təsbit olunan, lakin icra edilməyən özəl pensiya fondlarının fəaliyyətə başlaması mühüm addım ola bilər. Hesab edirəm ki, dövlət üzərinə düşən maliyyə yükünü azaltmaq üçün özəl pensiya fondlarının fəaliyyətini təşviq etməlidir. Özəl pensiya fondları fəaliyyətə başlayarsa, bu sahədə rəqabət mühiti və ciddi canlanma yarana bilər”.
Bəsti Rəfizadə

