"ÜAK-ın ləğv olunmasında Azərbaycana qarşı çıxmaq istəyən qurumların təzyiqi var" - Açıqlama
Bu gün – mayın 15-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bəzi məlumatlara görə, məhz bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərarın çıxarılacağı gözlənilir.
Məsələ ilə bağlı Sfera.az-a danışanRus icmasının sədri, millət vəkili Mixail Zabelinin rəsmi köməkçisi Firdovsi Cahangirov bildirib ki, M.Zabelin Moskvada ezamiyyətdə olan zaman ÜAK-ın ləğv olunmaması ilə bağlı Dumanın deputatları ilə görüşmüşdü:
"Aprelin 4-ü və mayın 12-də Rus icması tərəfindən Dumaya və deputatı Dmitri Savelyevə, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına, həmçinin də Rusiyanın Ali Məhkəməsinə və Ədliyyə Nazirliyinə ərizə ilə müraciətlər etmişik. ÜAK-ın rəhbəri ilə mütəmadi olaraq əlaqə saxlayırıq, son nəticələr barədə bizə məlumat veriləcək. Hazırda Ali Məhkəmənin iclası başlayıb, hələlik heç nə məlum deyil. Yəqin ki, müsbət cavab alacağıq.
Bildiyimiz yalnız, ÜAK-ın ləğv olunmasında Azərbaycana qarşı çıxmaq istəyən qurumların təzyiqi var”.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya qanunvericiliyinin pozulduğu iddia edir. Bundan qabaq məhkəmə iki dəfə – son olaraq isə aprelin 26-da işə baxmağı təxirə salıb.
Gülnarə Eynullaqızı
Sfera.az






