İslamiadanın açılış mərasimindən çıxanlar yolda qaldılar - Avtobuslar hara "itdi?"
Bildiyiniz kimi, mayın 12-də IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi baş tutdu. Mərasim gecə saatlarında başa çatdıqdan sonra yalnız Bakı Metropoliteni fəaliyyət göstərirdi, ictimai nəqliyyat sistemi isə iflic vəziyyətdə idi.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi 10.05.2017 tarixində Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin gecə saat 02:00-dək fəaliyyət göstərməsi ilə bağlı KİV-lərə məlumat vermişdi. Məlumatda bildirilmişdi ki, Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etmək üçün avtobuslar fəaliyyət göstərəcək. Hətta bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xəttlərinin müvvəqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqların verildiyi də qeyd edilmişdi. Lakin tapşırıq verilsə də, demək olar ki, açılış mərasimi yekunlaşdıqdan sonra heç bir avtobus fəaliyyət göstərmədi.
Sfera.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sfera.az-a açıqlamasında bildirib ki, bütün daşıyıcılara bununla bağlı tapşırıq verilmişdi:
"Hər hansı daşıyıcı bu tələbə əməl etməyibsə, onunla bağlı müvafiq tədbir görüləcək. Lakin Bakı Nəqliyyat Agentliyinin sərnişin avtobuslarından daxil olan məlumatlara əsasən deyə bilərəm ki, gecə mərasimdən sonra avtobusların əksəriyyəti marşrutlar üzrə fəaliyyət göstərib”.
Qeyd edək ki, 202, 65, 18, 133, 155, 26, 79, 165, 92, 91 və s... sərnişin daşıyan avtobusların heç birisi fəaliyyət göstərmirdi. Necə deyərlər, ümid yenə taksilərə qalmışdı. Yəni cibində pulun var idisə taksinin "oxuduğu" qiymətlə razılaşıb, istədiyin ünvana rahat çatdırılacaqdın, əks halda piyada getməli idin.
Gülnarə Eynullaqızı
Sfera.az






