Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başladı- YENİLƏNİR

İslamiadanın iştirakçı ölkələrinin nümayəndələri öz ölkələrinin bayraqları ilə zala daxil olmağa başlayıb.
Azərbaycanın Dövlət bayrağı hərbçilər tərəfindən açılış mərasiminin keçirildiyi zala gətirilib. Daha sonra Azərbaycanın Dövlət himini səsləndirilib və Dövlət bayrağı qaldırılıb.
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi başlayıb.
Sfera.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda start götürən tədbirdə Prezident İlham Əliyev, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, dövlət rəsmiləri, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, habelə idman ictimaiyyətinin nümayəndələri qatılıb.
Qeyd edək ki, mayın 22-dək davam edəcək IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin 3000-dək idmançısı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır. Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq.
Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçirilir.
Oyunların maskotları - İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.
İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.
Azərbaycan "Bakı 2017”yə ən böyük heyətlə - 500 nəfərlə qatılıb. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub.
Sfera.az