Həbsxanada böyüyən körpələr - Onları gələcəkdə nə gözləyir?

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin məlumatına görə, ötən ilin əvvəlindən 2026-cı ilədək cəzaçəkmə müəssisəsində 6 körpə dünyaya gəlib.
Qeyd edək ki, qaydalara əsasən, doğulan körpələr 3 yaşadək analarsının himayəsində cəzaçəkmə müəssisəsində qalır. Bu dövr uşağın şəxsiyyətinin formalaşmasında ən həssas mərhələ sayılır.
Maraqlıdır, cəzaçəkmə müəssisəsində böyüyən uşaqlarda bu mühit gələcəkdə hansı psixoloji çətinliklər yarana bilər?
Məsələ ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstov Sfera.az-a açıqlama verib.
O bildirib ki, 0–3 yaş dövrü insan həyatında beynin və şəxsiyyətin ən sürətlə formalaşdığı mərhələdir:
“Bu dövrdə uşağın emosional təhlükəsizliyi, sabit qayğı, sevgi və sosial münasibətlər gələcək psixoloji inkişafın əsasını təşkil edir. Buna görə də cəzaçəkmə müəssisəsində dünyaya gələn və həyatının ilk illərini həmin mühitdə keçirən uşaqların inkişafı xüsusi diqqət tələb edən məsələdir. Bununla yanaşı, yalnız uşağın həbsxana mühitində olması onun gələcəkdə mütləq psixoloji problem yaşayacağı anlamına gəlmir. Psixologiyada risk amilləri ilə qoruyucu amillər birlikdə qiymətləndirilir. Əgər ana ilə emosional bağ sağlamdır, uşaq kifayət qədər qayğı, sevgi və inkişafı dəstəkləyən stimul alırsa, mənfi təsirlərin bir hissəsini kompensasiya etmək mümkündür. Əsas məsələ fiziki məkan deyil, uşağın emosional və sosial inkişafının hansı şəraitdə təmin olunmasıdır. Lakin cəzaçəkmə müəssisələrinin təbii olaraq məhdud sosial mühiti, müxtəlif yaş qrupları ilə ünsiyyət imkanlarının azlığı, oyun və inkişaf fəaliyyətlərinin məhdudluğu, stress və qeyri-müəyyənlik atmosferi bəzi riskləri artırır. Bu uşaqlarda gələcəkdə bağlanma çətinlikləri, narahatlıq, özünəinamın zəifləməsi, emosiyaların tənzimlənməsində çətinliklər, sosial adaptasiya problemləri və davranış pozuntularının yaranma ehtimalı müəyyən qədər yüksələ bilər. Bu isə qaçılmaz nəticə deyil, sadəcə elmi tədqiqatların göstərdiyi risk ehtimalıdır”.

Mütəxəssis, xüsusilə üç yaşdan sonra uşağın sosiallaşma imkanlarının genişləndirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Məktəbəqədər təhsil, yaşıdları ilə ünsiyyət, oyun fəaliyyəti və psixoloji müşayiət inkişafın sağlam istiqamətdə davam etməsinə ciddi töhfə verir. Əgər bu keçid düzgün planlaşdırılarsa, uşaqların böyük hissəsi sonrakı inkişaf mərhələlərində uğurla adaptasiya ola bilir. Bu məsələdə diqqət yalnız ananın hüquqlarına deyil, ilk növbədə uşağın ali mənafeyinə yönəlməlidir. Dünyanın bir çox ölkəsində cəzaçəkmə müəssisələrində ana və uşaq bölmələrinin daha humanist təşkili, erkən inkişaf proqramlarının tətbiqi, uşaq psixoloqlarının müntəzəm iştirakı və sosial xidmətlərin gücləndirilməsi məhz bu məqsədə xidmət edir. Cəzaçəkmə müəssisəsində böyüyən uşaqlar gələcəkdə müəyyən psixoloji çətinliklərlə üzləşə bilərlər, lakin bu, onların taleyinin əvvəlcədən müəyyən olunduğu demək deyil. Vaxtında göstərilən peşəkar psixoloji dəstək, keyfiyyətli erkən inkişaf proqramları, ailə mühitinin qorunması və cəmiyyətə inteqrasiyanın düzgün təşkili bu riskləri əhəmiyyətli dərəcədə azalda və uşağın sağlam psixoloji inkişafını təmin edə bilər. Bu səbəbdən məsələyə damğalayıcı yanaşmaq deyil, elmi əsaslara söykənən, uşağın rifahını prioritet hesab edən yanaşma nümayiş etdirmək daha doğru olardı”.
Bəsti Rəfizadə

