Son 10 ilin statistikası: Yuxu idmandan önə keçdi

İnsanlar gün ərzində vaxtlarının ən böyük hissəsini yuxuya ayırır, ən az vaxt isə idmanla məşğul olmağa sərf olunur. Eyni zamanda, son 10 ildə sosial media istifadəsi kəskin artdığı halda, qəzet və jurnal oxuyanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) "Vaxtdan İstifadə Araşdırması"nda bildirilib.
Araşdırmaya əsasən, 2025-ci ildə 10 yaş və yuxarı şəxslər gün ərzində orta hesabla 8 saat 55 dəqiqə yatır. Qadınların orta yuxu müddəti 9 saat, kişilərin isə 8 saat 49 dəqiqə təşkil edib. Həftəiçi orta yuxu müddəti 8 saat 41 dəqiqə, həftəsonu isə 9 saat 28 dəqiqə olub.
Məlumata görə, insanlar gün ərzində ən az vaxtı idman və açıq hava fəaliyyətlərinə ayırırlar. Bu sahəyə gündə orta hesabla cəmi 12 dəqiqə sərf edilir. Qadınlar idmana orta hesabla 9 dəqiqə, kişilər isə 16 dəqiqə vaxt ayırırlar. Bundan sonra ən az vaxt ayrılan fəaliyyətlər hobbi və oyunlar (26 dəqiqə), eləcə də könüllü fəaliyyətlər və toplantılar (37 dəqiqə) olub.
Yaş qrupları üzrə təhlil göstərib ki, 10-14 yaşlı uşaqlar yuxu, təhsil, hobbi və idmana ən çox vaxt ayıran qrupdur. Onlar hobbi və oyunlara gündə orta hesabla 1 saat 9 dəqiqə, idmana isə 27 dəqiqə sərf edirlər.
Ən çox sosial həyat və əyləncə fəaliyyətlərinə 15-24 yaşlı gənclər vaxt ayırır. 55 yaş və yuxarı şəxslər isə televiziya izləmək, radio və musiqi dinləmək, eləcə də könüllü fəaliyyətlərə daha çox vaxt sərf edən yaş qrupu kimi qeydə alınıb.
Araşdırmada idman növləri üzrə də maraqlı dəyişikliklər müəyyən edilib. Son dörd həftədə ən çox seçilən fiziki fəaliyyət gəzinti və qaçış olub (11,7 faiz). Futbol oynayanların payı 2015-ci ildəki 5,2 faizdən 2025-ci ildə 4,1 faizə enib. Əvəzində voleybolla məşğul olanların payı 0,9 faizdən 1,4 faizə yüksəlib.
Əyləncə və mədəni fəaliyyətlər arasında isə televiziya izləmək (88,8 faiz), sosial mediada vaxt keçirmək (71,7 faiz) və qohum ziyarətləri (67,5 faiz) ilk üçlükdə yer alıb. Sosial mediadan istifadə edənlərin payı kişilər arasında 77 faiz, qadınlar arasında isə 66,6 faiz təşkil edib.
TÜİK-in 2015 və 2025-ci illəri müqayisə edən nəticələrinə görə, son on ildə ən böyük artım sosial media istifadəsində qeydə alınıb. Belə ki, sosial mediada vaxt keçirənlərin payı 33,9 faizdən 71,7 faizə yüksəlib.
Ən böyük azalma isə qəzet, jurnal və digər çap nəşrlərinin oxunmasında müşahidə olunub. Bu fəaliyyətlə məşğul olanların payı 39,4 faizdən 20,1 faizə enib.
Firuzə Əliyeva
Sfera.az
