Reklama baxaraq pul qazanmaq mümkündür? - Ekspertdən AÇIQLAMA

Reklama baxaraq pul qazanmaq mümkündür? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son dövrlər sosial şəbəkələrdə “evdə oturaraq pul qazan” adı ilə yayılan bəzi platformalarda istifadəçilər reklamlara baxmaq, linklərə daxil olmaq müqabilində balanslarının artdığını görürlər.

Daha sonra isə pul çıxarmaq üçün kart məlumatlarını daxil etmələri tələb olunur.

Kartda vəsait olmasa belə bu cür platformalara kart məlumatlarını yazmaq nə qədər təhlükəlidir? Bu sistemlər hansı üsullarla işləyir və real olaraq reklama baxmaqla pul qazanmaq mümkündürmü?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov Sfera.az-a açıqlama verib. O bildirib ki, sosial şəbəkələrdə asan qazanc vədi ilə yayılan “reklama bax, balansın artsın” tipli platformalar, əslində insanların sadəlövhlüyündən sui-istifadə edən növbəti fişinq və sosial mühəndislik tələsidir:

“Vətəndaşlar arasında ən çox yayılan yanlış düşüncə budur ki, kartda vəsait olmadıqda məlumatları bura daxil etmək heç bir risk yaratmır. Lakin reallıq tamamilə fərqlidir; kartın 16 rəqəmli nömrəsi, son istifadə tarixi və xüsusilə arxadakı CVV kodu bir dəfə fırıldaqçıların əlinə keçdikdə, bu məlumatlar gələcək hədəflər üçün xüsusi rəqəmsal bazalarda saxlanılır. Sonradan həmin karta hər hansı bir məqsədlə (əməkhaqqı, təqaüd və ya köçürmə) pul daxil olan an, kiber-cinayətkarlar tərəfindən avtomatik və saniyələr içində silinir”.

Mütəxəssis sistemin tamamilə psixoloji manipulyasiya üzərində qurulduğunu bildirib:

“İlkin mərhələdə istifadəçiyə saxta bir rəqəmsal kabinet təqdim olunur və o, reklamlara kliklədikcə ekrandakı virtual rəqəmlərin artdığını görüb aldanır. Qlobal rəqəmsal marketinq bazarında fərdlərin sadəcə reklama baxması müqabilində onlara belə böyük məbləğlər ödəyən heç bir rasyonal biznes modeli mövcud deyil. Bu gedişlə, virtual məkanda adi bir kiber-gigiyena qaydalarına riayət etmək və asan qazanc vədlərinə hər zaman şübhə ilə yanaşmaq şəxsi maliyyə təhlükəsizliyimizin ən böyük sığortasıdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ