5 manatlıq "gələcək" - Onlara inanmaq olarmı?

Sosial şəbəkələrdə son dövrlər numeroloqların fəaliyyəti geniş yayılıb. Onlayn platformalarda özünü mütəxəssis kimi təqdim edən bəzi şəxslər müəyyən məbləğ qarşılığında insanlardan doğum tarixlərini tələb edərək onların gələcəyi, şəxsi həyatı və ailədaxili münasibətləri ilə bağlı müxtəlif iddialar səsləndirirlər.
Xüsusilə qadınların münasibətlər, evlilik və ailə məsələləri ilə bağlı narahatlıqlarından istifadə edən bu şəxslər verdikləri proqnozlarla izləyiciləri təsir altına almağa çalışırlar.
Çox sayda insan sosial şəbəkələrdə yayılan bu iddialara inanır və numeroloqların söylədiklərini həyatlarına yön verən bir məsləhət kimi qəbul edir.
Bəs onlayn numeroloqların verdiyi proqnozların elmi əsası varmı? İnsanlar, xüsusilə də qadınlar niyə belə vədlərə daha tez inanırlar?
Məsələ ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlama verib. Mütəxəssis elmi psixologiya baxımından numerologiyanın insanın gələcəyini və ya ailədaxili münasibətlərini proqnozlaşdırdığına dair etibarlı elmi sübutunun olmadığını bildirib:

“İnsan beyni qeyri-müəyyənliyi sevmir. Gələcəklə bağlı narahatlıq artdıqca insanlar müəyyənlik hissi verən istənilən izahı qəbul etməyə meyllənirlər. Numeroloqlar da məhz bu psixoloji ehtiyacdan istifadə edirlər. Verdikləri proqnozlar adətən kifayət qədər ümumi olur və insanların böyük hissəsinə aid edilə biləcək ifadələrdən ibarət olur. İnsan isə öz həyatına uyğun gələn hissələri yadda saxlayır, uyğun gəlməyən hissələri isə nəzərə almır. Psixologiyada bu hal təsdiqləmə meyli və Barnum effekti kimi tanınır. Bəzi hallarda bu fəaliyyət sadəcə inancla məhdudlaşmır, maddi qazanc əldə etmək məqsədi daşıyan manipulyasiya formasına çevrilir. İnsanlara “ailəniz dağılacaq”, “sizə mənfi enerji edilib”, “xüsusi ritual lazımdır” kimi qorxu yaradan mesajlar verilir və sonra bunun qarşılığında ödəniş tələb olunur. Əgər şəxs bilərəkdən yalan məlumat yayır, insanlarda qorxu yaradır və bundan maddi gəlir əldə edirsə, bu artıq etik və hüquqi baxımdan ciddi problem yaradır və fırıldaqçılıq əlamətləri daşıya bilər. Lakin hər bir konkret hadisəyə hüquqi qiyməti yalnız aidiyyəti dövlət orqanları və məhkəmə verə bilər”.
E.Rüstəmov yalnız qadınların yox, kişilərin də numeroloqların söylədiyi məzmunların təsiri altına düşdüklərini açıqlayıb:
“Qadınların bu cür məzmunlardan daha çox təsirləndiyi barədə fikirlər səslənsə də, məsələni yalnız cins amili ilə izah etmək düzgün olmaz. Həm qadınlar, həm də kişilər həyatlarında emosional çətinlik, ailə problemləri, xəyanət şübhəsi, ayrılıq qorxusu və ya gələcəklə bağlı qeyri-müəyyənlik yaşadıqları dövrdə bu tip vədlərə daha həssas olurlar. Sadəcə ailə münasibətləri və emosional mövzular qadın auditoriyasına daha çox yönəldildiyi üçün onların bu xidmətlərlə daha tez qarşılaşması mümkündür. Xüsusilə ailədaxili münasibətlərlə bağlı verilən əsassız proqnozlar ciddi psixoloji risk yarada bilər. “Həyat yoldaşınız sizi aldadır”, “evliliyiniz bitəcək”, “sizə qarşı mənfi enerji var” kimi iddialar heç bir obyektiv sübuta əsaslanmadan səsləndiriləndə ailədə inamsızlıq, şübhə, münaqişə və hətta boşanmaya qədər gedən proseslərə səbəb ola bilər. İnsan qərarlarını faktlara deyil, qorxu və emosiyalara əsaslandırmağa başlayır.
Cəmiyyətin bu cür təsirlərdən qorunmasının ən effektiv yolu psixoloji savadlılığın artırılmasıdır. İnsanlar bilməlidirlər ki, sağlam psixoloji qərarlar elmi əsaslara, obyektiv məlumatlara və peşəkar mütəxəssis rəyinə söykənməlidir. Ailə münasibətlərində problem yarananda numeroloqa deyil, psixoloqa və ya ailə terapevtinə müraciət etmək daha doğru yanaşmadır. Elmi yanaşma insanın qorxularını istismar etmir, əksinə, onun vəziyyətini obyektiv qiymətləndirərək real həll yolları təqdim edir. Rəqəmsal dövrdə hər kəs sosial şəbəkədə yayılan məlumatlara tənqidi yanaşmalıdır. Bir məlumatın çox paylaşılması və ya çox izlənilməsi onun elmi və ya doğru olması demək deyil. İnsanların emosiyalarından istifadə edən məzmunlarla elmi biliklərə əsaslanan peşəkar xidmətləri bir-birindən ayırmaq psixoloji sağlamlığın və ailə münasibətlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bəsti Rəfizadə
