Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
Kateqoriya məlum deyil
T

Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Ombudsman qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir:

"Bu sahədə möhkəm hüquqi və institusional təməl Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu əsasında formalaşdırılmışdır. Məhz Ulu Öndərin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsasını qoymuşdur.

Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin İnsan Hüquqları Günü kimi təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi yüksək dəyərin və bu sahədə həyata keçirilən ardıcıl siyasətin bariz ifadəsidir.

Bu ənənəyə uyğun olaraq cari ildə də 18 may –18 iyun tarixləri İnsan Hüquqları Aylığı elan olunmuş, respublikanın müxtəlif bölgələrində dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, elm və təhsil müəssisələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilmişdir. Bu təşəbbüs cəmiyyətdə insan hüquqları mədəniyyətinin möhkəmləndirilməsinə, hüquqi maarifləndirmənin genişləndirilməsinə və ictimai iştirakçılığın artırılmasına mühüm töhfə vermişdir".

S.Əliyeva söyləyib ki, İnsan Hüquqları Aylığının məntiqi davamı olaraq Ombudsman aparatının təşəbbüsü ilə “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib:

"Otuzadək ölkədən ombudsmanların, milli insan hüquqları institutlarının, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdiyi Sammit insan hüquqlarının yeni texnoloji çağırışlar fonunda qorunmasına dair səmərəli beynəlxalq dialoq platformasına çevrilmiş, yekunda Bakı Bəyannaməsi qəbul edilib".

Ombudman bildirib ki, müasir dövrdə insan hüquqlarının səmərəli təminatı yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır:

"Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə, sağlam sahibkarlıq mühitinin formalaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir.

Məhz buna görə audit institutu xüsusi əhəmiyyət daşıyır. Audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil, eyni zamanda şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir.

Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

İnsan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir.

Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk.

Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır.

Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr audit institutunun inkişafına, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın daha da möhkəmləndirilməsinə, dövlətin və təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasına, eləcə də insan hüquqlarının daha səmərəli təmin olunmasına mühüm töhfə verəcəkdir".

Orxan

Sfera.az

PAYLAŞ