Onların yayımına minlərlə insan baxır - Niyə?
Sosial şəbəkələrdə diqqətçəkən tendensiyalardan biri cəmiyyət üçün zərərli hesab olunan məzmun istehsalçılarının geniş auditoriya toplamasıdır.
Aqressiv davranışlar, təhqir, qalmaqal, etik normalara zidd hərəkətlər və ya mənfi nümunələr nümayiş etdirən şəxslərin bəzən yüz minlərlə izləyiciyə sahib olduğu müşahidə edilir. Hətta belə şəxslərin canlı yayımlarını eyni anda minlərlə insanın saatlarla izləməsi sual doğurur.
Maraqlıdır, insanlar niyə faydalı və maarifləndirici məzmundan çox qalmaqallı və zərərli kontentə maraq göstərirlər? Bu haqda psixoloq Elgül Ağarzayeva Sfera.az-a açıqlama verib.

O bildirib ki, bu kimi kontenti izləməyin əsas səbəbi insanlarda maraq duyğusudur:
“Aqressiya, mübahisə və sensasiya yaradan məzmun insanlarda maraq, təəccüb və həyəcan hissləri oyadır. Sosial şəbəkələrin alqoritmləri də məhz daha çox diqqət və reaksiya alan məzmunu ön plana çıxardığı üçün belə kontent daha sürətlə yayılır. Bu tendensiya uzun müddətdə aqressiv və etikadan kənar davranışların normallaşmasına səbəb ola bilər. Xüsusilə yeniyetmələr belə şəxsləri nümunə götürürlər və diqqət qazanmağın ən asan yolunun qalmaqal yaratmaq olduğunu düşünürlər. Faydalı məlumatı təqdim edən saytlar bu məlumatı maraqlı və emosional şəkildə təqdim etməyi bacarmalıdırlar. İnsanlar yalnız məlumat deyil, həm də hiss və təcrübə axtarırlar. Ona görə maarifləndirici məzmun həm faydalı, həm də diqqətçəkən formada hazırlanmalıdır”.
Psixoloqun sözlərinə görə, ən çox izlənilən kontent hər zaman ən dəyərli məzmun olmur:
“İzlənmə sayı ilə fayda səviyyəsini eyniləşdirmək doğru deyil. İnsan psixologiyası emosional və sensasion hadisələrə daha həssas olduğu üçün qalmaqallı məzmun daha sürətlə yayılır. Lakin bu, həmin məzmunun cəmiyyətə müsbət təsir göstərdiyi anlamına gəlmir. Vacib olan odur ki, insanlar izlədikləri məzmunu tənqidi düşüncə ilə qiymətləndirsinlər və xüsusilə gənclər üçün hansı davranışların nümunə kimi təqdim edildiyinə diqqət yetirsinlər”.
Bəsti Rəfizadə
