“Meta” münasib qiymətli ağıllı eynəklərini təqdim etdi

Texnologiya nəhəngi “Meta” texnologiya bazarında mövqeyini gücləndirmək məqsədilə daha münasib qiymətə yeni ağıllı eynək seriyasını təqdim edib.
Sfera.az xəbər verir ki, şirkətin rəhbəri Mark Zukerberqin süni intellekt və texnoloji cihazlarla bağlı strategiyası çərçivəsində təqdim olunan yeni “Meta Glasses” modelinin ilkin qiyməti 299 dollar təşkil edir. Yeni seriya şirkətin ikinci nəsil giriş səviyyəli “Meta Ray-Ban smart glasses” eynəklərindən təxminən 80 dollar daha ucuz olacaq.
“EssilorLuxottica” ilə əməkdaşlıq çərçivəsində hazırlanan cihazlar bu dəfə “Ray-Ban” və ya “Oakley” brendi ilə satışa çıxarılmayacaq. Yeni ağıllı eynəklər üç fərqli dizayn variantında təqdim olunub və əlavə olaraq yeni şarj stendi ilə təchiz edilib. Cihazda ekran olmayacaq, lakin kamera və fərdi dinamiklər quraşdırılıb.
İstifadəçilər “Meta AI” süni intellekt köməkçisi vasitəsilə səsli əmrlərlə tərcümə edə, foto çəkə və müxtəlif funksiyalardan yararlana biləcəklər. Ağıllı eynək bazarında “Google” və “Snap Inc.” kimi şirkətlər də yeni məhsullarla çıxış etsə də, Meta hazırda 80 faizdən çox bazar payı ilə lider mövqeyini qorumağa çalışır. Şirkət virtual reallıq başlıqlarından fərqli olaraq ağıllı eynəklər sahəsində daha böyük uğur əldə edib və süni intellekt dövründə güclü aparat platformasına sahib olmağı hədəfləyib.
Bəsti Rəfizadə
