Sürücülər Bakıda işıqforların gecə qrafikindən narazıdırlar - VİDEO
Sürücülər paytaxtda işıqforların gecə qrafikindən narazıdırlar. Onlar deyirlər ki, işıqforların gecələr gündüzlə eyni rejimdə işləməsi vaxt itkisindən başqa bir şey deyil.
Xezerxeber.az məlumat verir ki, sürücülər işıqforların iki fərqli qrafikdə işləməsinin tərəfdarıdırlar. Belə ki, bu təcrübə xarici ölkələrin bir çoxunda tətbiq olunur.
Paytaxtda ümumilikdə 315 işıqfor quraşdırılıb. Bunlardan 150-si Bakı Nəqliyyat Agentliyinin, qalanları isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tabeliyindədir. Hər iki qurumdan "Xəzər Xəbər”ə bildirildi ki, işıqforların qrafiki günün bütün saatlarında vəziyyətə uyğun olaraq dəyişdirilir. Amma fakt budur ki, görülən tədbirlər sürücüləri qane edəcək səviyyədə deyil.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, hazırda Bakıda mövcud olan işıqforların yarısı mərkəzdən idarə oluna bilir, digərlərinə müdaxilə isə birbaşa işıqforun özündəndir.
Ekspert təklif edir ki, qrafik dəyişikliklərin səmərəliliyini təmin etmək üçün bütün işıqforlar mərkəzdən idarə olunmalıdır və yalnız bu halda yol hərəkətinə operativ müdaxilə mümkün olacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:






