Azərbaycan diplomatları üçün yeni əməkhaqqı sistemi təsdiqləndi

Azərbaycan diplomatları üçün yeni əməkhaqqı sistemi təsdiqləndi
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının, diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqların yeni məbləğlərinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Sfera.az xəbər verir ki, sənədə əsasən, XİN-də çalışan diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları üzrə yeni ödəniş cədvəli təsdiqlənib. Yeni cədvələ görə, xüsusi tapşırıqlar üzrə səfir və idarə rəislərinin aylıq vəzifə maaşı ödəniş pilləsindən asılı olaraq 8245 manatdan 9485 manatadək müəyyən edilib. İdarə rəisi müavinlərinin maaşı 6635-7635 manat, müşavirlərin maaşı 6175-7100 manat, şöbə müdirlərinin maaşı 4970-5715 manat, birinci katiblərin maaşı 4625-5315 manat, ikinci katiblərin maaşı 4300-4945 manat, üçüncü katiblərin maaşı 4000-4600 manat, attaşelərin maaşı isə 3720-4280 manat arasında dəyişəcək. Fərmanla diplomatik rütbələrə görə verilən əlavə haqlar da təsdiqlənib.

Belə ki, fövqəladə və səlahiyyətli səfir rütbəsinə malik şəxslər aylıq maaşlarına əlavə olaraq 550 manat, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçilər 500 manat, ikinci dərəcəli elçilər 450 manat əlavə haqq alacaqlar. Birinci dərəcəli müşavirlər üçün bu məbləğ 400 manat, ikinci dərəcəli müşavirlər üçün 350 manat, attaşelər üçün isə 200 manat müəyyənləşdirilib. Bundan başqa, diplomatik xidmət əməkdaşlarına təmsilçiliyə görə də aylıq əlavə ödəniş veriləcək.

Təmsilçilik əlavəsi xüsusi tapşırıqlar üzrə səfir və idarə rəisləri üçün 400 manat, idarə rəisi müavinləri üçün 330 manat, müşavirlər üçün 310 manat, şöbə müdirləri üçün 250 manat, attaşelər üçün isə 180 manat təşkil edəcək. Fərmanda həmçinin qeyd olunur ki, Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının yeni dövlət məvacibi müəyyən edilənədək onlara ödənişlər əvvəlki qaydada davam etdiriləcək.

Bununla yanaşı, XİN əməkdaşlarına əlavə pul təminatının verilməsi ilə bağlı 2008-ci il tarixli Prezident Sərəncamı ləğv edilib. Qərara əsasən, Nazirlər Kabineti Fərmandan irəli gələn məsələlərin həllini təmin etməlidir. Sənəd 2026-cı il yanvarın 1-dən tətbiq edilir və maaşların həmin tarixdən hesablanmasını nəzərdə tutur.

Firuzə Əliyeva
Sfera.az


Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ