"Taksi sürücüləri cərimələrdən narazı deyil" - DEPUTAT

"Avropada, qardaş Türkiyədə "3 dəqiqə" deyilən bir xidmət var. Yəni taksiyə 2-3 dəqiqə imkan verilir ki, vətəndaş, sərnişin istədiyi dayanacaqda düşə bilsin. Məsələn, mən Milli Məclisə Təhsil Nazirliyinin yanından gəlirəm. Elm və Təhsil Nazirliyindən yanından bura gələnə qədər o deyilən o 2-3 dəqiqəlik imkan yoxdur ki, sərnişin düşsün istədiyi mənzilə qovuşsun".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Həsən Əliyev küçəsində "Asan Xidmət"in qarşısında da bu imkan yoxdur:
"Vətəndaşlar gəlir, yaşlı var, xəstə var, hamilə qadın var, yağış var, soyuq var. Taksi ya 200-300 metr uzaqda bir döngə tapıb saxlamalıdır, ya da məcburdur ki, cərimə olunmasın. Həmçinin, "Ege Hospital"ın yanında da eyni vəziyyətdir.
Bu yaxınlarda Qoşa Qala yaxınlığında tədbirdə iştirak edirdik, gərək Mərkəzi Univermaq, Daxili İşlər Nazirliyindən də bir 100 metr o tərəfdə sərnişin düşsün. Yenə deyirəm, soyuq var, necə deyərlər, hər cür vəziyyət ola bilər".
Onun sözlərinə görə, taksi sürücüləri cərimələrdən narazı deyil, sadəcə olaraq xahiş edirlər ki, bu cərimələrin olmaması üçün şərait yaradılsın:
"Ən azı 2-3 dəqiqə taksi sürücüsünə imkan yaradılsın ki, sərnişin çatdığı mənzildə rahat düşə bilsin.
Mən xahiş edərdim ki, bu qanun layihəsinə müvafiq komitədə baxılsın".
Firuzə Əliyeva
Sfera.az
