Kamal Cəfərov: Bu məsələ ilə bağlı amnistiya elan edilsin

Kamal Cəfərov: Bu məsələ ilə bağlı amnistiya elan edilsin
Kateqoriya məlum deyil
T

"Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Bu istiqamətdə müxtəlif dövrlərdə addımlar atılsa da, problemin həlli üçün sistemli və kompleks yanaşmaya ehtiyac qalır".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Kamal Cəfərov deyib. Deputat bildirib ki, mülkiyyət hüququnun tanınması fundamental məsələlərdən biridir:

“Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyat olmadığı üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxış əldə etmək mümkün olmur. Onlar evlərinə qaz çəkdirə bilmir, ailə başçısı vəfat etdikdə vərəsəlik hüququ avtomatik tanınmır. Boşanma zamanı isə mənzil üzərində hüquqi iddia qaldırmaq çətinləşir. Sənədsiz evlər bazarda real dəyərindən 20-30 faiz aşağı qiymətə satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaşlar öz əmlaklarını kapitala çevirərək biznes qurmaq imkanından məhrum olurlar”.

K.Cəfərov qeyd edib ki, məsələ mürəkkəb və riskli olsa da, dünyada bu sahədə uğurlu təcrübələr mövcuddur:

“Türkiyədə 2018-ci ildə həyata keçirilən "İmar Barışı" proqramı çərçivəsində 7 milyondan çox sənədsiz ev ilkin rüsum ödəməklə çıxarış aldı. Azərbaycanda da buna bənzər model tətbiq oluna bilər”.

Deputatın sözlərinə görə, nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında yerləşən, riskli ərazilərdə tikilən, strateji torpaqlarda və ya mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilməsi mümkündür. O vurğulayıb ki, bu addım həm vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasına, həm də iqtisadiyyata və dövlət büdcəsinə milyardlarla manat əlavə dəyər qazandırılmasına şərait yarada bilər.

Kamal Cəfərov təklif edib ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində sənədsiz evlərlə bağlı amnistiya elan edilsin, xüsusi proqram qəbul olunsun və problemin həlli mərhələli şəkildə həyata keçirilsin.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ