Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Elmi araşdırmalara görə, ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının əsas səbəbləri arasında bədən qoxusu, nəfəs vasitəsilə xaric edilən karbon qazı, bədən temperaturu, dəri nəmliyi və alkoqol istehlakı yer alır.
Sfera.az xarici mütəxəssislərin araşdırmalarına görə xəbər verir ki, ağcaqanadlar insanların nəfəsi ilə xaric etdiyi karbon qazını onlarla metr uzaqdan hiss edə bilir.
Bu amil onların hədəf seçməsində ən vacib göstəricilərdən biri hesab olunur.
Araşdırmalar göstərir ki, ağcaqanadlar insan orqanizminin ifraz etdiyi yüzlərlə qoxulu birləşmə arasından müəyyən kimyəvi maddələri izləyərək hədəflərini müəyyənləşdirir. Xüsusilə dəri yağlarının parçalanması nəticəsində yaranan və "göbələk alkoqolu” kimi tanınan 1-octen-3-ol maddəsini daha çox ifraz edən insanlar ağcaqanadları daha çox cəlb edir.
Alimlərin fikrincə, pivə və digər alkoqollu içkilərin qəbulu bədən temperaturunu və karbon qazı ifrazını artırdığı üçün ağcaqanadların marağını gücləndirir.
Aparılan tədqiqatlardan birində pivə içən şəxslərin ağcaqanadlar üçün təxminən 2 dəfə daha cəlbedici olduğu müəyyən edilib.
