Bu şəxslərə faizsiz kredit verilə bilər - MÜHÜM MƏQAMLAR

Gələcəkdə sosial vəziyyəti ağır olan, aztəminatlı və maddi imkanı məhdud şəxslərə dövlət və ya maliyyə qurumları tərəfindən faizsiz kreditlərin verilməsi məsələsi vaxtaşırı müzakirə edilir.
Bəs belə bir mexanizmin tətbiqi nə dərəcədə realdır?
Sfera.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit anlayışının mahiyyəti onun geri qaytarılması ilə bağlıdır və bu baxımdan faizsiz kreditlərin verilməsi praktikada məqsədəuyğun hesab edilmir.
Ekspertin sözlərinə görə, faizsiz kredit anlayışı əslində mövcud deyil:
“Yalnız aşağı faizli və ya güzəştli kreditlərdən danışmaq olar. Lakin belə kreditlər də yalnız o halda verilə bilər ki, vətəndaşın onu geri qaytarmaq imkanı olsun. Əgər şəxsin qaytarma qabiliyyəti yoxdursa, kredit faizsiz olsa belə, borcu ödəyə bilməyəcək”.
Ə.Həsənov vurğulayıb ki, kreditlə sosial yardım anlayışları bir-birindən fərqlənir:
“Kreditin mənası ondan ibarətdir ki, verilən vəsait müəyyən müddətdən sonra geri qaytarılmalıdır. Əgər dövlət vətəndaşa pul ayırırsa və həmin vəsaitin geri qaytarılması nəzərdə tutulmursa, bu artıq kredit deyil, sosial dəstək və ya müavinət hesab edilməlidir”.
İqtisadçının fikrincə, maddi imkanı zəif vətəndaşların dəstəklənməsində əsas vasitə kredit deyil, ünvanlı sosial yardım, müavinətlər və digər sosial təminat mexanizmləri olmalıdır.
Onun sözlərinə görə, kreditlərin verilməsi zamanı əsas meyar vətəndaşın gəlirləri və borcu qaytarmaq imkanlarıdır.
