Bakıda küçə heyvanları problemi: "Kadr çatışmazlığı əsas məsələdir"

Bakıda küçə heyvanları problemi: "Kadr çatışmazlığı əsas məsələdir"
Kateqoriya məlum deyil
T

Bakıda sahibsiz heyvanlarla bağlı problemlər uzun illərdir aktuallığını qoruyur. Xüsusilə paytaxt və ətraf qəsəbələrdə sahibsiz itlərin sayının artması, onların idarə olunması, sterilizasiyası və saxlanılması ilə bağlı məsələlər vaxtaşırı müzakirə mövzusuna çevrilir. 

 

Bakı Şəhər Heyvanat Parkı ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirmə yolu ilə yenidən təşkili bu məsələləri bir daha gündəmə gətirib. 

 

Bəs iki qurumun birləşdirilməklə yenidən təşkili sahibsiz heyvanlarla bağlı mövcud problemlərin həllinə, eləcə də sterilizasiya (CNR) proqramlarının daha effektiv həyata keçirilməsinə necə təsir edəcək?


Sfera.az-a danışan tanınmış ekoloq, heyvan hüquqları müdafiəçisi, "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədr müavini Mənsurə Rəsulzadə hesab edir ki, bununla bağlı qəti fikri yeni qurumun yaradılmasından sonra söyləmək mümkün olacaq.

 

Onun ilkin qənaəti budur ki, yalnız iki qurumun birləşdirilməsi sahibsiz heyvan probleminin həllinə və ya sterilizasiya proqramlarının sürətlənməsinə təsiri böyük olmayacaq. M.Rəsulzadə bildirdi ki, bu kimi məsələlərdə əsas cəhət təşkilatların struktur forması yox, orada çalışan kadrlardır:

 

 

"Heyvanat Parkı vəhşi heyvanlarla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzi isə ev və sahibsiz heyvanlarla məşğul olur. Buna görə də onların birləşdirilməsinin hansı məqsədə xidmət etdiyini indi dəqiq söyləmək mümkün deyil. Məsələni daha ətraflı araşdırdıqdan sonra konkret fikir bildirmək mümkün olacaq. Belə təşəbbüslərin arxasında hansı məqsədin dayanması önəmlidir.
Uzun illərdir sahibsiz heyvanlarla bağlı qurumların adları dəyişsə də, problemin özü dəyişmir. Vaxtilə sahibsiz heyvanlarla mübarizə aparan strukturlar sonradan fərqli adlar altında fəaliyyət göstərməyə başlayıblar. Lakin nəticə etibarilə problem həll olunmur. Bunun əsas səbəblərindən biri bu sahədə peşəkar və heyvanlara həssas yanaşan kadrların az olmasıdır. Heyvanlarla işləyən qurumlarda çalışan insanların bir çoxu bunu sadəcə iş kimi görür. Halbuki bu sahədə çalışan şəxslərin heyvanlara sevgisi, mərhəməti və təcrübəsi olmalıdır. Nəticədə görülən işlər problemin həllinə deyil, daha çox görüntü yaratmağa xidmət edir".


Ekoloq nəzərə çatdırıb ki, sterilizasiya proqramları ilə bağlı da ciddi suallar mövcuddur:


"Küçələrə qaytarılan heyvanların sonrakı taleyi nəzarətdə saxlanılmır. Sahibsiz heyvanların yaşaması üçün zəruri şərait - qida, su və təhlükəsiz mühit təmin edilmədiyi halda sterilizasiyanın təkbaşına nəticə verəcəyini düşünmürəm. Küçələrdə əsasən yeni sterilizasiya olunmuş heyvanları görmək olur. Lakin müəyyən müddət keçdikdən sonra həmin heyvanların harada olduğu, necə yaşadığı barədə məlumat verilmir. Mən hesab edirəm ki, küçəyə buraxılan heyvan faktiki olaraq ölüm təhlükəsi ilə üz-üzə qalır.
Qidalandırma bir yana qalsın, hətta su problemi belə həll olunmayıb. Şəhərdə və ətraf ərazilərdə heyvanların istifadə edə biləcəyi su mənbələri çox azdır. Halbuki su bütün canlılar üçün həyati əhəmiyyət daşıyır. Biz vaxtilə həm insanlar, həm də heyvanlar üçün istifadə oluna biləcək çoxsəviyyəli su fontanları layihəsi təqdim etmişdik. Təəssüf ki, buna reaksiya verilmədi.
Bu gün bəzi ərazilərə, o cümlədən Qızıldaş istiqamətinə buraxılan heyvanların yaşaması üçün elementar şərait yoxdur. Orada nə kifayət qədər su, nə də qida mənbələri mövcuddur. Belə şəraitdə heyvanların uzun müddət yaşaması mümkün deyil. Problemin həlli üçün kompleks yanaşma lazımdır. Yalnız sterilizasiya ilə bu məsələni həll etmək mümkün deyil. Heyvanların sonrakı taleyi, qidalanması, mühafizəsi və yaşayış şəraiti də nəzərə alınmalıdır.
Bundan əlavə, ev heyvanlarının mühafizəsi ilə bağlı mövcud qanunvericiliyin və beynəlxalq öhdəliklərin icrasında da problemlər qalır. Azərbaycan Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub və bu sahədə müəyyən öhdəliklər daşıyır. Lakin praktikada həmin tələblərin tam şəkildə yerinə yetirildiyini görmürük. Bu sahədə daha ciddi nəzarətə və sistemli fəaliyyətə ehtiyac var".

 


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ