"Uşaqlar qanuna hörmətlə yanaşmağı öyrənməlidir" - VƏKİL

“Hüquqi düşüncə təkcə qanun və qaydaları öyrənməklə məhdudlaşmır. Uşaqlar hüquqi biliklər əldə etməklə yanaşı, hüquqi dəyərlərə, qanunun aliliyinə və hüquq institutlarına hörmətlə yanaşmağı da mənimsəməlidirlər”.
Sfera.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının üzvü Abil Bayramov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində səsləndirib.
O bildirib ki, uşaqlarda hüquqa uyğun davranış vərdişlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas məqsəd yalnız hüquqi biliklərin öyrədilməsi deyil, həm də uşaqların bu biliklərə düzgün münasibət göstərməsi və müxtəlif hüquqi vəziyyətlərdə necə davranacaqlarını bilməsidir.
Abil Bayramov qeyd edib ki, əgər uşaq ayrı-seçkiliyin yolverilməz olduğunu anlayır, ədalətsizliyə qarşı düzgün mövqe sərgiləyir, dövlət rəmzlərinə hörmətin vacibliyini dərk edir və digər insanların hüquqlarına sayğı ilə yanaşırsa, bu, hüquqi düşüncənin onun həyatında artıq mühüm yer tutduğunu göstərir.
“Bizim hədəfimiz uşaqlara sadəcə hüquqi məlumat vermək deyil. Vacib olan odur ki, onlar hüququ tanısın, ona hörmətlə yanaşsın və gündəlik həyatlarında hüquqi davranış prinsiplərinə əməl etməyi bacarsınlar”, - Vəkillər Kollegiyasının üzvü əlavə edib.
Firuzə Əliyeva
Sfera.az
