Sosial şəbəkələrə yaş məhdudiyyəti üçün keçid dövrü olacaq? - TƏKLİF

Sosial şəbəkələrə yaş məhdudiyyəti üçün keçid dövrü olacaq? - TƏKLİF
Kateqoriya məlum deyil
T

"Sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanunvericilik dəyişikliklərinin daha effektiv icrası üçün əlavə keçid dövrünə ehtiyac yarana bilər".

 

Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Nazir müavini qeyd edib ki, bu sahədə tam tətbiq edilmiş əsas nümunələrdən biri Avstraliyadır. Onun sözlərinə görə, həmin ölkədə tətbiqin ilk aylarında müəyyən çətinliklər müşahidə olunub.

 

“İlkin araşdırmalar göstərir ki, hər şey asan olmayıb. Sosial media platformaları ilə qanunda nəzərdə tutulan əməkdaşlıq mexanizmlərinin yaradılması üçün kifayət qədər vaxtın verilməməsi yaranan problemlərdən biri olub”, - o vurğulayıb.

 

R.Həsənov bildirib ki, sosial media platformalarının üzərinə valideyn nəzarəti alətlərinin yaradılması da daxil olmaqla ciddi öhdəliklər qoyulub. Bu baxımdan daha uzun adaptasiya dövrünün qanunun effektivliyini artıra biləcəyini söyləyib.

 

Nazir müavini yaş məhdudiyyətlərinin müxtəlif yollarla aşılması ehtimalına da diqqət çəkib. O qeyd edib ki, bəzi istifadəçilər VPN-dən yararlanır və ya yaşlarını olduğundan fərqli göstərməyə çalışırlar.

 

Onun sözlərinə görə, bu risklərin qarşısının alınması üçün ciddi maliyyə və texnoloji investisiyalar tələb olunur.

 

R.Həsənov yeni və tanınmamış sosial media platformalarının da daimi monitorinq olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, müvafiq siyahı icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək və geniş istifadəçi kütləsi qazanan yeni platformalar da sonradan həmin siyahıya daxil ediləcək.

 

Nazir müavini əlavə edib ki, texnologiyaların sürətli inkişafı səbəbindən gələcəkdə hansı yeni problemlərin ortaya çıxacağını indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Buna görə də daimi monitorinq və operativ nəzarət mexanizmlərinin qurulması xüsusi əhəmiyyət daşıyır.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ