Turistlərə qarşı bu hərəkətləri etsəniz cərimələnəcəksiniz – Vəkildən AÇIQLAMA

Azərbaycana gələn xarici turistlərin sayında artım müşahidə olunsa da, bəzi hallarda onların yerli sakinlər tərəfindən xoşagəlməz münasibətlə üzləşdiyi bildirilir. Xüsusilə turistlərin ölkə, dil və qiymətlər barədə kifayət qədər məlumatlı olmamasından istifadə edilərək onlara xidmət və məhsulların baha satılması, yanlış məlumat verilməsi, eləcə də müxtəlif formada aldatma halları ilə bağlı şikayətlər səsləndirilir. Bu kimi hallar təkcə turistlərin səfər təcrübəsinə mənfi təsir göstərmir, eyni zamanda ölkənin turizm imicinə də zərbə vurur.
Bəs turistlərə qarşı belə münasibətlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Və həmin şəxsləri hansı cəza gözləyir?
Məsələ ilə bağlı vəkil Babək Umudov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, bu cür halların qarşısının alınması üçün həm mövcud qanunvericiliyin sərt tətbiqi, həm də bəzi hallarda əlavə xüsusi cəza tədbirlərinin görülməsi nəzərdə tutulmalıdır:
“Fikrimcə, əlavə cəza tədbirlərinin tətbiqi istiqamətində daha spesifik addımlar atıla bilər. Çünki turistə qarşı edilən fırıldaqçılıq sadəcə bir fərdə deyil, bütöv bir ölkənin nüfuzuna vurulan zərbədir. Məsələn, turistlərin sıx olduğu məkanlarda xüsusi ingilis dili bacarığı olan polislərin sayının artırılması və onlara şikayət etməyin sadələşdirilməsi, turisti aldadan iaşə obyekti, mağaza və ya taksi sürücüsünün fəaliyyət lisenziyasının birdəfəlik və ya uzunmüddətli ləğv edilməsi, qaydaları pozan xidmət obyektlərinin rəsmi turizm portallarında bəyan edilməsi kimi əlavə tədbirlər görülə bilər. Əgər xarici turistə qarşı qanunsuz əməl törədilirsə, həmin şəxsi Azərbaycan Respublikasının mövcud İnzibati Xətalar və Cinayət məcəllələrinə əsasən ciddi sanksiyalar gözləyir”.

Vəkil turistə qarşı törədilən xoşagəlməz hallarda hansı cəza tətbiq olunacağını da qeyd edib:
“Əgər turistə menyuda olmayan qiymət təklif edilibsə, süni qiymət artımı tətbiq olunubsa və ya taksi sürücüsü sayğacı qoşmayıb yüksək məbləğ tələb edibsə, istehlakçıların hüquqlarının pozulmasına və ya aldadılmasına görə fiziki və hüquqi şəxsləri yüksək məbləğdə cərimələr gözləyir. Habelə, bu cür əməllərə görə obyektin fəaliyyəti müvəqqəti dondurula bilər. İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə, turistə mal satarkən və ya xidmət göstərərkən onun hesabda, çəkidə və ya malın ölçüsündə aldadılması (məsələn, hesabın qəsdən şişirdilməsi) bu maddə ilə tənzimlənir. Əgər aldadılma az miqdarda (yəni 5000 manatadək) olarsa, tətbiq edilən cərimələr olduqca ciddidir: fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinij 445.1-ci maddəsinə görə, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Taksi sürücülərinin xarici turistləri sayğacsız (taksoometr qoşmadan) və ya qabaqcadan proqramda müəyyən olunmuş qiymətdən qat-qat artıq məbləğə aparması ən çox rast gəlinən problemlərdəndir. İXM-in 322-ci maddəsinə görə, “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, habelə müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə görə 50 manat cərimə tətbiq olunur. İXM-in 324.1-ci maddəsinə görə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir”.
B.Umudov bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını da bildirib:
“Əgər turistin məlumatsızlığından istifadə edərək ona qarşı qabaqcadan planlaşdırılmış dələduzluq edilibsə (məsələn, saxta turlar satılıbsa, böyük məbləğdə pulu mənimsənilibsə) və ya hədə-qorxu gəlinibsə (restoranda yüksək hesabı ödəməyə məcbur etmək), Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və ya 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlana bilər. Bu halda əməlin ağırlığından və dəyən ziyanın həcmindən asılı olaraq, həmin şəxsləri böyük məbləğdə cərimələrdən tutmuş, bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Bəsti Rəfizadə
Sfera.az
