Bakıya köç artacaq: Memar axının azaldılmasının yollarını açıqladı

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, WUF13-ün gündəliyi olduqca genişdir və burada müzakirə olunan əsas istiqamətlərdən biri miqrasiya və şəhərlər mövzusudur.
V.Hüseynov diqqətə çatdırıb ki, hazırda dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə yüksələcəyi proqnozlaşdırılır.
Bəs insanların kənd yerlərindən şəhərlərə köçməsi əlverilşli haldırmı? 2050-ci ilə qədər bu prosesin qarşısını almaq üçün ölkədə hansı addımlar atılmalıdır?
Sfera.az-a bu haqda açıqlama verən tanınmış memar, professor Cahid Həsənovun sözlərinə görə, şəhərlərə köç prosesi dünyanın hər yerində müşahidə olunur:
“Millətindən, dinindən, irqindən və ya ölkəsindən asılı olmayaraq, bütün dünyada maraqlı bir tendensiya müşahidə olunur: insanlar ənənəvi kənd həyatından uzaqlaşaraq şəhərlərə, xüsusilə də iri şəhərlərə və meqapolislərə üz tuturlar. Dünyanın hər yerində paytaxtların və böyük şəhərlərin sürətlə inkişaf etməsi, iş yerlərinin, təhsil müəssisələrinin, əyləncə mərkəzlərinin, parkların, bulvarların çoxalması, həmçinin turist axınının yüksək olması insanların həmin məkanlara marağını artırır. Açıq desək, insanlar ayda 1000-3000 manat gəlir əldə etmək üçün səhər saat 5-dən durub heyvandarlıq və ya əkinçiliklə məşğul olmaqdansa, ticarətin və xidmət sektorunun inkişaf etdiyi şəhərlərdə işləməyə üstünlük verirlər. Kimsə bir kafedə işləyir, kimsə kiçik dükan açır, kimsə isə topdansatış bazasından aldığı məhsulları gün ərzində sataraq qazanc əldə edir. Bu, artıq danılmaz faktdır. İnsanların həyat tərzi və seçimləri dəyişib. Bunun qarşısını inzibati yollarla almaq mümkün deyil. Hər bir vətəndaş harada yaşamaq və işləmək istədiyini özü seçir. Lakin bununla yanaşı, paytaxt şəhərlərinin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün ikinci və üçüncü səviyyəli iri şəhərlərin inkişafına şərait yaradılmalıdır. Yəni paytaxtdan kiçik, mövcud rayon mərkəzlərindən isə daha böyük şəhərlərin formalaşdırılması vacibdir. Mən dəfələrlə qeyd etmişəm ki, təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə uyğun şəkildə regionlara köçürülməsi bu baxımdan mühüm addım ola bilər. Bu halda on minlərlə, hətta yüz minlərlə tələbənin Bakıya axınının qarşısı qismən alınar və həmin insanlar regionlarda təhsil ala bilərlər”.

Memar ümumiyyətlə, kənd və rayonlardan böyük şəhərlərə kütləvi miqrasiyanın qarşısının tam alınmasının mümkün olmadığını vurğulayıb:
“Çünki bu, insanların öz seçimidir. Böyük şəhərlərdə iş yerlərinin, təhsil müəssisələrinin, əyləncə mərkəzlərinin və inkişaf etmiş infrastrukturun mövcudluğu insanları həmin məkanlara cəlb edir. Maraqlı məqam ondan ibarətdir ki, insanlar getdikcə ağır fiziki əməkdən uzaqlaşırlar. Amma bunun nəticəsində böyük şəhərlərin üzərinə düşən yük artır, sıxlıq yaranır və müxtəlif problemlər ortaya çıxır. Buna görə də paytaxtla rayonlar arasında yerləşən, iqtisadi və sosial baxımdan cəlbedici yeni şəhər mərkəzlərinin yaradılmasına ehtiyac var. Hazırda iri tikinti şirkətləri investisiyalarını əsasən Bakıya yatırırlar. Çünki bazar burada formalaşıb və satış imkanları daha genişdir. Əgər universitetlər və digər iri müəssisələr regionlarda yerləşərsə, tikinti sektorunun investisiyalarının ən azı 20-25 faizi regionlara yönələ bilər. Bunun nəticəsində həm yeni yaşayış binaları tikilər, həm də həmin ərazilərdə iqtisadi aktivlik artar. Əks halda, region əhalisinin böyük hissəsi bir şəhərdə cəmləşərsə, həmin şəhərin yükə tab gətirməsi çətin olacaq. Nə qədər yeni yollar çəkilsə, metro stansiyaları tikilsə belə, əhali axını davam etdiyi müddətdə sıxlıq problemi qalacaq. Digər tərəfdən, kənd təsərrüfatı ilə məşğul olmaq istəməyən insanlar üçün şəhərdə aqroparkların yaradılması da problemi tam həll etməyəcək. Çünki məsələ yalnız iş yerində deyil, ümumiyyətlə insanların həyat tərzində və düşüncə modelində baş verən dəyişiklikdədir. Kəndçilikdən şəhərçiliyə keçid artıq insanların gündəlik seçimlərinin bir hissəsinə çevrilib. Bu baxımdan universitetlərin tam şəkildə regionlara köçürülməsi vacib deyil. Onların bir hissəsinin Bakı ətrafında, məsələn, Ələt istiqamətində, Bakı-Salyan magistralı boyunca və ya Xocasən ərazisində yerləşdirilməsi də şəhərin yükünü azaltmağa kömək edə bilər. Məqsəd sıxlığı seyrəltməkdir.
Bu gün dünyanın bir çox ölkəsində şəhərsalma siyasətinin əsas məqsədi də məhz budur. Yol infrastrukturu yenidən qurulur, yeni magistrallar çəkilir, ictimai nəqliyyat şəbəkəsi genişləndirilir. Bakıda da bu istiqamətdə ciddi işlər görülür. Yeni yollar salınır, avtobus zolaqları ayrılır, metro şəbəkəsi genişləndirilir. Lakin əhali və turist axını artdıqca bu tədbirlər təkbaşına kifayət etmir”.
C.Həsənov bildirib ki, növbəti 30-40 il ərzində Bakının həddindən artıq yüklənməsinin qarşısını almaq üçün artıq indidən tədbirlər görülməlidir və regionlardan Bakıya ən çox axın yaradan sahələr müəyyənləşdirilməli, həmin istiqamətlər üzrə alternativ mərkəzlər yaradılmalıdır:
“Məsələn, hansısa böyük ticarət mərkəzinin Bakıdakı filialı fəaliyyətini davam etdirməklə yanaşı, regionlarda da analoji filialları açıla bilər. Universitetlərdə də eyni model tətbiq edilə bilər: bir korpus burada, digər korpus regionda fəaliyyət göstərə bilər. Bu yanaşma insanların paytaxta axınının müəyyən qədər azalmasına səbəb olar. 2050-ci ilə qədər bu prosesin idarə olunması üçün əsas addımlar məhz bunlardır. Təhsil müəssisələrinin yükünün bölüşdürülməsi, yol infrastrukturunun yeni formatda qurulması və regionlarda iqtisadi aktivliyin artırılması vacibdir. Əgər regionlarda iş, təhsil və alış-veriş imkanları genişlənərsə, insanların hamısının Bakıya köçmək ehtiyacı da azalacaq. Bu halda həm paytaxtın üzərindəki yük azalacaq, həm də tikinti və investisiya sektorunun müəyyən hissəsi regionlara yönələcək. Nəticədə region şəhərləri də öz coğrafi və iqtisadi potensiallarına uyğun şəkildə inkişaf edəcəklər. Bu, artıq ehtimal deyil, düzgün planlaşdırma aparıldığı təqdirdə qaçılmaz nəticədir”.
Bəsti Rəfizadə
Sfera.az
