Alimentin geri qaytarılması mümkündür? - Hakimdən AÇIQLAMA

Alimentin geri qaytarılması mümkündür? - Hakimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Nikahın pozulması prosesində ən çox mübahisə doğuran və vətəndaşları maraqlandıran əsas məsələlərdən biri aliment öhdəliyinin hansı tarixdən qüvvəyə minməsidir. Çox vaxt tərəflər bu müddətin nikahın rəsmən pozulduğu gündən, yoxsa məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən hesablandığı barədə tərəddüd edirlər.

 

Bəs, bu məsələ qanunvericilikdə necə tənzimlənir?

 

Sfera.az xəbər verir ki, bu barədə suallara Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova aydınlıq gətirib.

 

Hakim qeyd edib ki, ilk dəfə alimentin tutulması müəyyən edildiyi halda aliment məhkəməyə hansı tarixdə iddia ərizəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır və tutulur:

 

“Vətəndaş iddia ərizəsi ilə 1 fevral 2025-ci il tarixdə müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, alimentin tutulması müraciət etdiyi tarixdən yəni 1 fevral 2025-ci il tarixdən tutulacaq”.

 

G.Cabbarova bildirib ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra edilir, mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosial yönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi, onun icrasını dayandırmır, bu hal yəni alimentin ödənilməsinin dayanmasına səbəb olmur. Hətta şikayət əsasında alimentin təyin edilməsi barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir.

 

Hakim alimenti ödəmək öhdəliyi daşıyan şəxsin bu öhdəliyinin lazimi qaydada icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıdığını qeyd edib:

 

“Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlmişdir. Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və manefələrinin ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ