"Hər həftə ölkəmizdə beynəlxalq tədbir keçirilir" - Siyavuş Novruzov

"Elə həftə yoxdur ki, ölkəmizdə beynəlxalq tədbir keçirilməsin".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycan şəhərsalmada öz modelini dünyaya təqdim edir. Hər hansı bir məsələ və ya beynəlxalq tədbir dövlət rəhbərliyi tərəfindən təsdiqlənirsə, Azərbaycanda bu cür tədbirlərin ən yüksək səviyyədə keçirilməsinin hamı şahidi olur.
Deputat qeyd edib ki, Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməyə həm mənəvi, həm də hüquqi haqqı çatır:
"Azərbaycan əraziləri 30 ildən artıq darmadağın edilib. Bu gün həmin ərazilərdə yeni nümunəvi şəhərlərin salınması, "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin icrası, yeni infrastrukturun qurulması ilə Azərbaycan dünyaya öz modelini təqdim edir. Hesab edirəm ki, gələcəkdə Qəzza zolağında, Ukraynada və ya digər münaqişə bölgələrində bərpa işləri aparılarkən Azərbaycanın bu təcrübəsindən bir nümunə kimi istifadə olunacaq".
S.Novruzov vurğulayıb ki, Azərbaycan öz ərazilərini bərpa edərkən heç bir beynəlxalq qurumdan yardım almayıb:
"Nə Beynəlxalq Valyuta Fondu, nə Dünya Bankı, nə də Avropa Birliyi tərəfindən Azərbaycanın dağıdılmış ərazilərinin bərpasına bir qəpik də yardım edilməyib. Baxmayaraq ki, başqa yerlər üçün pullar yığılır, dəstəklər nümayiş etdirilir. Azərbaycan öz gücünə, heç kəsə arxalanmadan vətəndaşlarının ən yüksək səviyyədə yaşamasını təmin edir. Artıq işğaldan azad olunmuş ərazilərə 500-dən artıq səfər reallaşıb, 180-ə yaxın layihə imzalanıb ki, onlardan 170-nin tikintisi tamamlanaraq istifadəyə verilib. Yeddi yeni məktəb, bağçalar və xəstəxanalar tikilib. Bütün bunlar müasir şəhərsalmanın ən gözəl nümunələridir".
Firuzə Əliyeva
Sfera.az
