"İzmir Residence" sakinləri ayağa qalxdı: Məhkəmə qərarına niyə məhəl qoyulmur?

"İzmir Residence" sakinləri ayağa qalxdı: Məhkəmə qərarına niyə məhəl qoyulmur?
Kateqoriya məlum deyil
T

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən “İzmir Residence” kompleksinin sakinləri illərdir davam edən səs-küy kirliliyindən şikayətçidir.

 

Sfera.az bildirir ki, sakinlərin sözlərinə görə, "İzmir Parkı" ətrafında fəaliyyət göstərən “İzmir” restoranının yay terrası ərazidə yaşayan insanların dincliyini rəsmən əlindən alıb. İllərdir davam edən səs-küylü musiqi və normadan artıq vibrasiya sakinlərin sağlamlığına ciddi təhlükə yaradır. Məhkəmə qərarları restoranı dayandıra bilmir…

 

Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, problem artıq hüquqi müstəvidə də təsdiqini tapıb. 2025-ci ilin yanvarında Yasamal Rayon Məhkəməsi (İş № e-2(004)-322/2025) restoranın fəaliyyətinə məhdudiyyət qoyub. Belə ki, səhər 07:00-dan 23:00-dək səs səviyyəsi maksimum 60 desibel olmalı, 23:00-dan sonra isə musiqi tamamilə qadağan edilməlidir. Buna baxmayaraq, İzmir Restoran Azərbaycan Respublikasının Qanunvericiliyinə etiraz olaraq həmin qərardan apellyasiya şikayəti verib. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-fonoskopik ekspertiza tədqiqatının nəticələrinə əsasən, 10.09.2025-ci il tarixli Aktda qeyd edilib ki, mənzildə səs-küy səviyyəsi xüsusi avadanlıq vasitəsilə ölçülüb və müəyyən olunüb ki, qonşuluqda yerləşən “İzmir restoranı”nın fəaliyyəti nəticəsində yaranan səs-küy səviyyəsi normadan artıqdır.

 

14 oktyabr 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Lakin restoran rəhbərliyi qərarlara məhəl qoymayaraq işi Ali Məhkəməyə qədər aparıb. Sakinlər bildirir ki, restoran rəhbərliyi qanunvericiliyə açıq şəkildə etiraz edərək hər yay mövsümündə eyni səs-küylü fəaliyyəti davam etdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı yoxlamalar və Məhkəmə Ekspertizası Mərkəzinin 10.09.2025-ci il tarixli aktına əsasən, mənzillərdə aparılan ölçmələr nəticəsində həm səs-küy səviyyəsinin, həm də atmosferə atılan dəm qazının miqdarının normadan dəfələrlə artıq olduğu sübut edilib.

 

Akustik hesablamalara görə, səs gücündəki hər 3 dB artım səsin iki qat güclənməsi deməkdir. Restoranın yaratdığı səs səviyyəsi isə yaşayış üçün nəzərdə tutulan normaları (60 dB) aşaraq mənzilləri yaşanmaz hala gətirib. Sakinlər vəziyyətin dözülməz həddə çatdığını, hətta ötən ilin sentyabrında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

 

Sfera.az olaraq sakinlərin şikayəti və qanuni tələbləri əsasında Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərmişik. İcra qurumunun ərazidə qanunun bərpası və sakinlərin istirahət hüququnun qorunması üçün hansı tədbirləri görəcəyi redaksiyamızın diqqətindədir.

PAYLAŞ