Gənclər niyə sosial mediadan daha çox təsirlənir? - Psixoloq RƏYİ

Gənclər niyə sosial mediadan daha çox təsirlənir? - Psixoloq RƏYİ
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə gündəlik olaraq paylaşım edilən parlaq, problemsiz və “mükəmməl” həyat görüntüləri insanların reallıq qavrayışına ciddi təsir göstərir.

 

Çox vaxt filtrli fotolar, uğur hekayələri və idealizə olunmuş həyat tərzləri izləyicilərdə həmin həyatlara bənzəmək istəyi yaradır və öz həyatlarını bu görüntülərlə müqayisə etməyə sövq edir.

 

Bu isə xüsusilə emosional olaraq daha həssas olan gənclər üçün əlavə təzyiq və gözlənti formalaşdırır.

 

Bəs görəsən, insanlar niyə başqalarının həyatını öz həyatı ilə müqayisə etməyə meyllidir? “İdeal həyat” obrazları psixologiyamıza, xüsusilə gənc nəslin psixologiyasına necə təsir göstərir?

 

Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə gördüyümüz ideal həyatlar insan beyninə sadəcə görüntü kimi yox, siqnal kimi təsir edir. Onun sözlərinə görə, beyin təbii olaraq özünü başqaları ilə müqayisə etməyə meyllidir:

 

 

“Yəni insan özünü anlamaq üçün başqasına baxır. Problem ondadır ki, sosial şəbəkədə gördüyümüz həyat real deyil, seçilmiş və ən yaxşı anlardan ibarətdir. Amma beyin bunu fərqləndirmir. Nəticədə insan öz adi, bütün çətinlikləri ilə olan həyatını, başqasının ideal görüntüsü ilə müqayisə edir və burada daxili narahatlıq yaranır. Bu proses beyində həm həzz, həm də gərginlik yaradır. Bir tərəfdən dopamin sistemi aktivləşir, yəni baxmaq maraqlı gəlir və insan davam edir. Digər tərəfdən isə müqayisə artdıqca stres reaksiyası da yaranır, insan özünü yetərsiz hiss edə bilir. Xüsusilə gənclərdə bu daha güclü təsir edir. Çünki onların “mən kiməm?” sualına cavabı hələ formalaşır və sosial şəbəkədə gördükləri “ideal həyat”lar onlar üçün bir standart kimi qəbul oluna bilir. Bu da real “mən” ilə “olmalı olan mən” arasında fərq yaradır. Və insan daim hiss edir ki, başqaları yaşayır, o isə nəyisə qaçırır. Bu hiss uzun müddətdə narazılıq və daxili boşluq yarada bilər”.

 

Psixoloq qeyd edib ki, insan zamanla öz həyatını yaşamaqdan çox, həyatın necə görünməli olduğunu düşünməyə başlayır:

 

“Yəni “var olmaq”dan çox “görünmək” ön plana keçir. Nəticə etibarı ilə deyə bilərəm ki sosial şəbəkədəki ideal həyatlar insanın beynində müqayisə, maraq və narahatlığı eyni anda işə salır. Əgər insan bunun real yox, qurulmuş bir görüntü olduğunu dərk etməsə, bu proses onun özünə baxışına və psixoloji vəziyyətinə təsir etməyə başlayır. Təbii ki də bu cür ziddiyyətlər insanın həyat ritminə mənfi təsir edir müxtəlif psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Bu xüsusiyyətlər uşaq yaşlarda formalaşır. Hətta bəzi uşaq bloqerlər var ki, çox böyük kütləsi var , hansı ki bütün bu kütlə məhz o uşaq kimi yaşamağa çalışır, hətta müşahidə edəndə görürük ki nəinki uşaqlar bunu edir Hətta valideyinlər də uşağın bu marağını dəstəkləyirlər. Xüsusilə bu bənzətmə və müqayisə maddi tərəflərdə qabarıq diqqət çəkir. Düşünürəm ki, bu yanlışdır. Valideyinler öz davranışlarına daha çox diqqət yetirməlidir”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ