Logo

Prezident İlham Əliyevin Yevlax rayonuna səfəri - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyevin Yevlax rayonuna səfəri - FOTO - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

17.04.2017

09:41

Aprelin 17-də Yevlaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir.

Sfera.az AZƏRTAC-a xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

X X X

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış oldu.

-----------------

16.04.2017

17:53

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.

------------

17:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, müəssisənin direktoru Məhəmməd Allahverdiyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb. Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada sahəsi 474 kvadratmetr olan 87 plastik hovuz, sahəsi 22 min 449 kvadratmetr 463 beton hovuz, nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 15 min kiloqram qara kürü, 112 min kiloqram axçalı balıqlar, yəni sazan, ağamur, enlialın, 200 min kiloqram nərəcinsli balıqlar, 28 milyon nərəcinsli balıq körpəsi istehsal ediləcək. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisənin fəaliyyətini və inkişaf istiqamətini əks etdirən stendlərə baxdı.

Dövlətimizin başçısına müəssisənin inkişaf planı, ərazidəki tikililər və Mingəçevir su hövzəsinin balıqartırma sahəsi barədə məlumat verildi. Bildirildi ki, Mingəçevir su hövzəsinin balıqartırma sahəsində nərəcinsli balıqlar üçün sahəsi 9067 kvadratmetr olan 87 plastik qəfəs quraşdırılıb. Bundan başqa, burada tor yumaq üçün üzən qurğu və üzən qaldırıcı kran da var. Mingəçevir balıq zavodunda isə inkubasiya sexi, beton hovuzlar, soyuducu və yem anbarları, helikopter meydançası, yeməkxana, ofis binası, qazanxana da inşa olunub.

Məlumat verildi ki, Varvara balıqartırma müəssisəsində istehsal ediləcək nərəcinsli körpələrin bir qismi müəssisədə saxlanılacaq, bir qismi isə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldiləcək. Hazırda müəssisədə müxtəlif yaşda və çəkidə 93 min 665 ədəd, o cümlədən 1 762 ədəd kələmo, 4 min 964 ədəd hibrid, 16 min 689 ədəd nərə, 15 min 524 ədəd uzunburun (sevrüqa) və 54 min 726 ədəd bölgə (beluqa) balıqları var.

Müəssisədə quraşdırılan xüsusi ultrasəs müayinəsi aparatı ilə balıqlarda kürünün hansı səviyyədə olması yoxlanılır. Bu isə kürüalmada daha səmərəli üsullardan hesab olunur. Balıqlar tam təbii yemlərlə qidalanır. Nərəcinsli balıqların körpələri Rusiyanın Həştərxan vilayətindən gətirilib, Xıllı nərə balıqartırma zavodundan alınıb, bəziləri isə müəssisədə inkubasiya edilib.

Müəssisənin kürü emalı sahəsində olan dövlətimizin başçısına məlumat verildi ki, bu sahə müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyevə kürünün konservləşdirilməsi prosesi nümayiş etdirildi.

Körpə balıqların yemlənməsi üçün müəssisədə təbii yem və qara kürü sahələri yaradılıb, soyuducular, ehtiyat elektrik generatorları, transformator və videomüşahidə sistemi qurulub, optik internet xətti çəkilib və 29 nəqliyyat vasitəsi alınıb. Burada müasir laboratoriyalar və hər saatdan bir suyun temperaturunu, tərkibini və oksigenini ölçmək üçün cihazlar qurulub.

Bildirildi ki, istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması, bir hissəsinin isə ixrac edilməsi nəzərdə tutulur. Hazırda müəssisədə 247 nəfər daimi iş yeri ilə təmin olunub. Burada orta əməkhaqqı 500 manatdır.

Onu da deyək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə balıqşünas, ixtioloq, ixtiopatoloq, bioloq ixtisasları üzrə mütəxəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.

Bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan bu sahədə yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

------------

16:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu işlərin nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemində də köklü dəyişikliklər aparılır, əsaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərin arasında yeni su elektrik stansiyalarının inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Yevlaxda Varvara Su Elektrik Stansiyasının yenidən qurulması da bu qəbildən olan tədbirlərdəndir. Bu layihələrin icrası həm bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına və əlavə iş yerlərinin açılmasına zəmin yaradır.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3 hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb.

Məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Stansiyanın binası müasir tələblər nəzərə alınmaqla yenidən qurulub. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib, idarəetmə və tənzimləmə sistemi texnologiyanın son nailiyyətlərindən istifadə edilməklə müasirləşdirilib, bütün köməkçi avadanlıqlar təzələnib. Yenidənqurma zamanı sunəqledici kanalın sağ və sol sahillərində bərkitmə işləri görülüb, güc və xüsusi sərfiyyat transformatorları daha güclüləri və yeniləri ilə əvəz edilib.

Diqqətə çatdırıldı ki, Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə saldı.

Avadanlıqların təchizatı, eləcə də tikinti-quraşdırma işləri "Azərenerji" ASC-nin sifarişi ilə yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilib. İşlərin keyfiyyətlə və vaxtında icra edilməsi üçün bütün qüvvələr səfərbər olunub. Yenidənqurma işlərinə 150 nəfərdən çox yerli mütəxəssis cəlb edilib. Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, ətraf mühitin mühafizəsi gücləndirilib və yeni yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, Varvara Su Elektrik Stansiyasının yenidən qurulması ilə yanaşı, son vaxtlar 12 su elektrik stansiyası işə salınıb. Bu il daha bir neçə su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasının başa çatdırılması da planlaşdırılır.

----------

16:35

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol cizgi və yolgöstərici xətləri çəkilib.

Qeyd edilib ki, 8 min nəfərin yaşadığı altı kəndi birləşdirən Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi əhalinin gediş-gəlişini rahatlaşdıracaq, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhramtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdiyi məhsulları qısa müddətdə bazarlara çatdırmaq imkanı yaranacaq. Bu isə, öz növbəsində, həmin bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

-------------

16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfərə gəlib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.

Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Mingəçevir-Mingəçevir stansiyası avtomobil yolunda bütün tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə başa çatdırılıb. Yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yol cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri yerinə yetirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.

Qeyd edildi ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyevin Yevlax rayonuna səfəri - FOTO - YENİLƏNİB

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR