Nazirlikdən XƏBƏRDARLIQ: Aprelin 17-dək ehtiyatlı olun

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
XəzərXəbər xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Metohəssas insanlara səhhətinə qarşı diqqətli olmaq tövsiyə edilir. Çünki aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.