Paytaxt və şəhərətrafı ərazilərdə reydlər başladı - YENİLƏNİB - FOTO

10:42
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda növbəti reyd keçirib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, reyd Bakı və Sumqayıt şəhərləri arasında qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı təşkil olunub.
Metronun "20 Yanvar" stansiyası ətrafında, "Şamaxinka" adlanan ərazidə və 3-cü mikrorayon dairəsində həyata keçirilən tədbirlər nəticəsində onlarla belə sürücü aşkarlanıb və saxlanılıb.
Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin əksəriyyəti müxtəlif şirkətlərlə müqavilələri olduğunu və buna əsasən xidmət göstərdiklərini deyiblər.
Reyd zamanı nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmayan şəxslər, salonunda əlavə oturacaqlar quraşdırılan nəqliyyat vasitələri də aşkarlanıb.
Reyd zamanı istismara yararsız olan nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən cərimə meydançalarına aparılıb.
"20 Yanvar" metrostansiyası ətrafında avtomobilləri qadağan olunmuş yerlərdə saxlayan sürücülər barədə də müvafiq tədbirlər görülüb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev belə reydlərin mütəmadi keçiriləcəyini bildirib.
----------
08:30
Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.
Sfera.az bildirir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, reydlərə paytaxtın Yasamal rayonu ərazisində, "20 yanvar" metro stansiyasının qarşısından başlanıb.
Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.
Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.