Milli maraqların keşiyində: Azərbaycanın xüsusi xidmət orqanları 107 yaşında

Hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. 2026-cı ildə Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür. Bu tarix həm Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), həm də Xarici Kəşfiyyat Xidmətinin (XKX) fəaliyyəti ilə birbaşa bağlıdır.
Sfera.az xəbər verir ki, 1919-cu ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təsis edilməsi ilə müasir Azərbaycan kəşfiyyatının əsası qoyulub.
Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da təhlükəsizlik orqanları fəaliyyət göstərib. SSRİ dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təşkil olunub.
Təhlükəsizlik orqanlarının əsl milliləşmə dövrü isə Ümummilli Lider Heydər Əliyevin bu sistemə 1967-ci ildə rəhbərlik etdiyi dövrlərdən başlayıb. Məhz onun uzaqgörən siyasəti nəticəsində təhlükəsizlik orqanları yad təsirlərdən təmizlənib və kadr potensialı azərbaycanlı mütəxəssislər hesabına formalaşıb.
1997-ci il martın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla xüsusi xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunmağa başlanılıb. Martın 28-nin peşə bayramı kimi qeyd olunması xüsusi xidmət orqanlarına verilən dövlət dəyərinin göstəricisidir.
Müasir Azərbaycanın təhlükəsizlik arxitekturası Prezident İlham Əliyevin rəhbərliyi altında ən yüksək inkişaf mərhələsini yaşayır. Hazırda DTX və XKX qarşısında duran vəzifələr daha geniş və məsuliyyətlidir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı antiterror tədbirləri zamanı təhlükəsizlik orqanlarının göstərdiyi peşəkarlıq, düşmən təxribatlarının qarşısının alınması və strateji məlumatların əldə edilməsi milli qələbəmizin əsas sütunlarından biri olub.
Yüksək peşəkarlıq qabiliyyətinə sahib olan Azərbaycanın xüsusi xidmət orqanları kibertəhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə və transmilli cinayətkarlıqla mübarizə istiqamətində dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları ilə rəqabət aparacaq gücdədir.
Orxan
