Sıxıcı insanlar bioloji qocalmanı sürətləndirir - TƏDQİQAT

Sıxıcı insanlar bioloji qocalmanı sürətləndirir - TƏDQİQAT
Kateqoriya məlum deyil
T

ABŞ-nin “Duke” Universitetində aparılan yeni araşdırma mənfi sosial münasibətlərin insan sağlamlığına gözləniləndən daha ciddi təsir göstərdiyini ortaya qoyub. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “PNAS” jurnalında dərc olunan tədqiqata görə, həyatdakı problemli və ya sıxıcı insanlar yalnız psixoloji gərginlik yaratmır, eyni zamanda bioloji yaşlanma prosesini də sürətləndirə bilər.

 

Araşdırmada qeyd olunur ki, sosial çevrədə stress yaradan hər bir əlavə insan bioloji yaşlanma sürətini təxminən 1,5 faiz artırır. Tədqiqatçılar bunun bədəni orta hesabla 9 ay daha çox qocaltdığını bildirirlər. Alimlər bu nəticəyə tüpürcək nümunələri əsasında aparılan “DNT” metilasiyası analizləri, yəni bioloji saat göstəriciləri ilə gəliblər. Nəticələr xroniki sosial stressin hüceyrə səviyyəsində də təsir göstərdiyini göstərir.

 

Tədqiqat müəllifləri bildirirlər ki, bütün mənfi münasibətlər eyni dərəcədə zərərli deyil. Ən güclü mənfi təsirin ailə daxilində yaşanan gərginliklər və yaxın münasibətlərdəki problemlərdən qaynaqlandığı vurğulanır. Xüsusilə valideynlər, uşaqlar və həyat yoldaşı ilə yaşanan davamlı stressin bioloji qocalma prosesini daha çox sürətləndirdiyi qeyd edilir.

Araşdırmada problem yaradan münasibətlərin ən çox müşahidə olunduğu qruplar da açıqlanıb. 
Məlumata görə, bu tip münasibətlərin ən yüksək payı iş yoldaşlarında qeydə alınıb-11,3 faiz. 
Valideynlər və uşaqlar arasında bu göstərici 9,8 faiz, həyat yoldaşları və tərəfdaşlar arasında 8,6 faiz olub. 
Dostlar isə 3,5 faizlə ən aşağı risk qrupunda yer alıb.

Alimlər mənfi münasibətlərin hər kəsə eyni dərəcədə təsir etmədiyini də bildiriblər. Qadınların sosial münasibətlərə daha çox emosional önəm verməsi səbəbilə bu tip stressdən daha çox təsirləndiyi qeyd olunur. 

 

Eyni zamanda, siqaret çəkənlərdə onsuz da yüksək olan oksidləşdirici stressin sosial gərginliklə daha da artdığı vurğulanıb. Mövcud xroniki xəstəlikləri olan şəxslər və keçmişdə ağır mənfi təcrübələr yaşamış insanlar da bu baxımdan daha həssas qruplar arasında göstərilib.

 

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr yalnız psixoloji rifahla bağlı tövsiyə deyil, həm də ictimai sağlamlıq baxımından ciddi xəbərdarlıqdır. Onların fikrincə, iltihab və müxtəlif xəstəliklər riskini azaltmaq üçün zərərli sosial münasibətlərin minimuma endirilməsi, sağlam yaşlanma baxımından düzgün qidalanma və fiziki aktivlik qədər vacibdir.

 

Mütəxəssislər hesab edir ki, sosial mühiti təmizləmək bəzən emosional qərar kimi görünsə də, əslində bu, uzunmüddətli sağlamlıq üçün mühüm bir müdaxilə sayıla bilər.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ