“Apple”dan yenilik: ilk qatlanan “iPhone” bu tarixdə təqdim oluna bilər

"Apple"dan yenilik: ilk qatlanan "iPhone" bu tarixdə təqdim oluna bilər
Kateqoriya məlum deyil
T

Texnologiya dünyasında illərdir müzakirə olunan “Apple”ın qatlanan telefon istehsal edəcəyi ilə bağlı xəbərlər yeni detallar ilə ortaya çıxıb. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, yayılan son xəbərlər şirkətin ilk qatlanan “iPhone” modeli üzərində işlərin yekun mərhələyə çatdığını göstərir. Məlumata görə, “iPhone Fold” və ya “iPhone Air” adlandırılması gözlənilən cihazın 2026-cı ilin payızında iPhone 18 seriyası ilə birlikdə təqdim olunacağı iddia edilir.

 

Sızdırılan məlumatlara əsasən, “Apple” rəqiblərindən fərqli olaraq daha kompakt və demək olar ki, kvadrat formalı dizayna üstünlük verib. Cihazın 5,5 düymlük xarici ekranla tək əlli istifadəyə uyğun olacağı, 7,8 düymlük daxili ekranının isə “iPad mini” ölçülərinə yaxın geniş görüntü sahəsi təqdim edəcəyi bildirilir.

 

Məlumatlarda qeyd olunur ki, “Apple”ın əsas hədəflərindən biri qatlanan telefon bazarında ən çox tənqid olunan məqamlardan biri olan ekran qat izini minimuma endirmək, hətta tamamilə aradan qaldırmaqdır. İddialara görə, şirkət bu məqsədlə illərlə prototiplər üzərində işləyib və daha hamar ekran səthi əldə etməyə çalışıb.

 

Cihazın yalnız dizaynı ilə deyil, proqram təminatı ilə də fərqlənəcəyi vurğulanır. Gözləntilərə görə, “iPhone Fold iOS 20” və ya bu model üçün xüsusi optimallaşdırılmış sistemlə təqdim edilə bilər. Bu isə istifadəçilərə “iPad” modellərindəki kimi çoxtapşırıqlılıq imkanı verəcək. Belə ki, iki tətbiqin eyni anda yan-yana işlədilməsi, genişləndirilmiş planşet interfeysi və daha məhsuldar istifadə təcrübəsi təklif oluna bilər.

 

Sızıntılarda diqqət çəkən başqa bir detal isə biometrik təhlükəsizliklə bağlıdır. Bildirilir ki, qatlanan panelin çox nazik quruluşu səbəbindən “Face ID” sensorlarının yerləşdirilməsi çətinləşə bilər. Bu səbəbdən “Apple”ın Face ID”” əvəzinə, “iPad Air” və “iPad mini” modellərində olduğu kimi güc düyməsinə inteqrasiya edilmiş “Touch ID”texnologiyasına qayıda biləcəyi ehtimal olunur.

 

Qiymət məsələsində isə “Apple”ın premium strategiyasını davam etdirəcəyi bildirilir. İddialara əsasən, “iPhone Fold”un başlanğıc qiyməti 2000-2400 dollar arasında dəyişə bilər. Bu da onu həm “Apple”ın, həm də ümumilikdə smartfon bazarının ən bahalı modellərindən birinə çevirə bilər.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ