Elektromobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Yaşayış binalarında mənzillərdən kabellər vasitəsilə elektrik enerjisi götürüb maşınların şarj edilməsi bu sahədəki çatışmazlıqlarla bərabər yeni bir problemə yol açdı: binaların elektrik sistemində qısaqapanma və bunun nəticəsində yaranan yanğınlar.
Mütəxəssislər irəli sürülən bu iddiaları təsdiqləyirlər: elektromobillərin çoxmərtəbəli yaşayış evlərindən uzadılan naqillərlə şarj edilməsi yanğına səbəb olur.
Martın 17-də Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğının da elektrik avtomobillərinin binadakı elektrik şəbəkəsinə qoşulması səbəbindən baş verdiyi bildirilir.
Belə olduğu halda, öz mənfəətini güdməklə başqalarına ziyan vuran və yanğına səbəb olan elektrik avtomobillərinin sahibləri cəzalandırılmalı və ya kompensasiya ödəməlidirlər.
Qanunlar bununla bağlı nə deyir?
Sfera.az xəbər verir ki, hüquqşünas Ruslan Mustafazadə Bizim.Mediaya bildirib ki, elektrik avtomobillərinin yaşayış binalarında mənzillərdən götürülən elektrik enerjisi ilə qeyri-qanuni şəkildə şarj olunması ciddi insidentə yol açıb. Hadisə nəticəsində həm ayrı-ayrı şəxslərə, həm də ümumilikdə sakinlərlə külli miqdarda maddi ziyan dəyib.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsi bu kimi halları tənzimləyir. Həmin maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində başqalarına xeyli və ya külli miqdarda ziyan vurulduqda məsuliyyət yaranır.
Maddə iki hissədən ibarətdir: ehtiyatsızlıq nəticəsində xeyli miqdarda ziyan vurulması və külli miqdarda ziyan vurulması halları. Hər iki halda qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur və məsuliyyətin dərəcəsi ekspertiza ilə təyin edilərək vurulan ziyanın həcminə uyğun müəyyən edilir”.
Ümid edirik ki, baş vermiş bu hadisədən sonra aidiyyəti qurumlar oxşar risklərin qarşısının alınması istiqamətində daha operativ və sərt tədbirlər görəcəklər.
