Bu marka kompüterlərdə bahalaşma olacaq

Bu marka kompüterlərdə bahalaşma olacaq
Kateqoriya məlum deyil
T

Texnologiya şirkəti “Intel” prosessor qiymətlərində artıma hazırlaşır. Məlumata görə, süni intellekt və data mərkəzlərinə artan tələbat səbəbindən şirkət istehlakçı yönümlü məhsullarında təxminən 10 faizdən başlayan qiymət artımı tətbiq edəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Intel” istehsal gücünü daha çox korporativ müştərilərə və server sistemlərinə yönəltdiyi üçün adi istifadəçilər üçün nəzərdə tutulan prosessorların təchizatı azalır. Bu da bazarda qiymətlərin yüksəlməsinə səbəb olub.

 

Artan komponent xərcləri kompüter istehsalçılarını da çətin vəziyyətə salıb. Onsuz da yaddaş və videokart çatışmazlığı ilə üzləşən şirkətlər üçün əlavə qiymət artımı mənfəəti azalda və bazarda rəqabəti daha da gücləndirə bilər.

 

Mütəxəssislər bildirib ki, prosessorların bahalaşması ümumi kompüter qiymətlərinə də təsir edəcək. Bu isə xüsusilə oyunçular üçün büdcəyə uyğun sistem yığmağı xeyli çətinləşdirəcək.

 

Qeyd olunub ki, yaxın dövrdə kompüter bazarında ümumi bahalaşma tendensiyası davam edəcək.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ