Təmizlənmiş sular Xəzərə axıdılacaq – Yeni layihə

“Hal-hazırda icra olunan layihə Müşfiqabad layihəsidir. Bu layihə ümumilikdə 17,3 kilometr uzunluğunda kollektor xəttini əhatə edir. Kollektor bir çox qəsəbəni və Xırdalan şəhərini əhatə edir. Layihə eyni zamanda bir təmizləyici qurğunun tikintisini də nəzərdə tutur”.
Sfera.az xəbər verir ki, bu sözləri Müşfiqabad hövzəsində kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğunun tikintisi ilə bağlı keçirilən mediatur zamanı “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev bildirib.
Onun sözlərinə görə, hazırda 75 min kubmetr gücündə təmizləyici qurğunun tikintisi davam etdirilir:
“Əlavə 75 min kubmetrlik hissənin isə növbəti mərhələdə tikilməsi planlaşdırılır. Hazırda kollektorun yeddi şaxtasında işlər aparılır. Bu şaxtaların dördündə işlər tamamlanıb, üçündə isə tikinti davam edir. Eyni zamanda texnika şaxtalardan birində yerləşdirilib və qazıntı işlərinə başlanılıb. Layihənin icra müddətinin üç il ərzində başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, layihənin daha qısa müddətdə yekunlaşdırılması da hədəflənir. Layihənin maliyyə dəyəri təmizləyici qurğu üzrə 102 milyon manat, kollektor xətti üzrə isə 135 milyon manat təşkil edir. Layihənin mövcud büdcə çərçivəsində tamamlanması planlaşdırılır və əlavə maliyyə vəsaiti gözlənilmir”.
İman Rzayev əlavə edib ki, layihə çərçivəsində dörd qəsəbə və böyük şəhər olan Xırdalan əhatə olunur:
“Bununla yanaşı, Bakı şəhəri üzrə daha yeddi kollektor xəttində işlər davam etdirilir. Eyni zamanda iki əlavə sutəmizləyici qurğunun və üç nasosxananın tikintisi aparılır. Layihə tamamlandıqdan sonra təmizlənmiş sular Xəzər dənizinə axıdılacaq. Kollektor Xırdalan, Masazır, Aşağı Güzdək, 28 May və Müşfiqabad qəsəbələri daxil olmaqla digər yaşayış məntəqələrini də əhatə edəcək”.
Qeyd edək ki, layihə dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Fidan Hacızadə
Sfera.az






















